"Huawei" 2015-ci ildə satışa 100 milyondan çox smartfon çıxaracaq

17 Dekabr 2014 - 16:43 | Maraqlı məlumatlar
"Huawei" 2015-ci ildə satışa 100 milyondan çox smartfon çıxaracaq

"Şirkət artıq cari il üçün planlaşdırılmış satış həcminə (80 milyon qurğu) nail olub. 2015-ci ildə isə "Huawei Technologies" bütün dünyada 100 milyondan çox smartfon satışa çıxarmaq niyyətindədir" - bu fikirləri şirkətin istehlak bölməsinin rəhbəri Riçard Yu mətbuat konfransında çıxışı zamanı səsləndirib.

dailycomm.ru saytının verdiyi məlumata görə, bu ilin üçüncü rübündə  16,5 milyon smartfonu satışa çıxarmış şirkət 5,1% bazar payı ilə ən böyük kommunikator istehsalçılarının reytinqində beşinci yeri tutub.  

Eyni zamanda "Gartner" ekspertləri iddia edirlər ki, Huawei bu siyahıda yalnız lider şirkətlərə - "Samsung" və "Apple"-a güzəştə gedib. Yeni dərc olunmuş hesabata əsasən, şirkət ötən rübdə 15,93 milyon qurğu istehsalı ilə dünya satış həcminin 5,3%-ni əhatə edib. Müqayisə üçün deyək ki, cənubi koreyalı rəqibində bu göstəricilər 80,4 milyon - 24,4%, Apple-da isə 38,2 milyon, yəni 12,7% təşkil edib.

"Bloomberg" agentliyinin nəşrində qeyd olunub ki, Huawei-in ambisiyaları bu nəticələrlə məhdudlaşmır. Şirkətin prezidenti Cef Liu (Jeff Liu) Pekində yeni Honor 6 Plus smartfonunun nümayişi zamanı bildirib ki, yaxın üç ildə Huawei öncə Çin, sonra isə bütün dünya üzrə smartfonlar bazarında lider olmaq iddiasındadır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.