Builki prezident seçkiləri ölkəmizin tarixində böyük əhəmiyyətə malikdir. Bu seçkilər xalqımızın həyatında önəmli bir hadisədir. Bunu önəmli edən əsas hadisələrdən biri ondan ibarətdir ki, artıq müstəqil Azərbaycan dövlətinin ərazisi tam bərpa olunub. İkinci Qarabağ müharibəsindən sonra lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi nəticəsində Xankəndi və işğal altında olan digər ərazilərimizin azad olunması, vətəndaşlarımızın öz doğma yurdlarına qayıtması bizi sevindirir. Belə bir şəraitdə prezident seçkilərinin keçirilməsi çox məntiqlidir. Çünki ölkəmizin qarşısında yeni hədəflər var. Xalqımız bu seçkidə böyük ruh yüksəkliyi ilə iştirak edir. Hər bir vətəndaş öz iradəsini sərbəst ifadə edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev söyləyib.
Akademik vurğulayıb ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi strategiya ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb: “Azərbaycanın regionda xüsusi bir ölkəyə çevrilməsi, geosiyasi proseslərdə Azərbaycanın çəkisinin artması ölkəmizin beynəlxalq səviyyədə imicinin dəyişməsinə səbəb olub. Beynəlxalq qurumlarda Azərbaycanın səsi eşidilir, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ölkəmizin siyasətinə olan inamdan irəli gəlir.
Akademik Rasim Əliquliyev vurğulayıb ki, Azərbaycanın daha da müasirləşdirilməsi, inkişaf etdirilməsi, dünyanın aparıcı təşəbbüslərinə qoşulması, ölkəmizin “yaşıl dünya” naminə formalaşması, “yaşıl texnologiyalar” əsasında yeniləşməsi, xalqımızın rifahının yüksəldilməsi, yeni iqtisadi hədəflərə doğru inkişaf etməsi qarşıda duran əsas vəzifələrdəndir. Bununla bağlı ölkəmizdə müxtəlif strateji əhəmiyyətə malik sənədlər qəbul edilib. Bütün bunlar 2030-cu ilədək sosial-iqtisadi inkişafla bağlı olan hədəflərdir.