Akademik Rasim Əliquliyev: “Ölkəmizdə yaşıl siyasətin formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülür”

17 Yanvar 2024 - 14:00 | Müsahibələr, çıxışlar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına dair mövqeyini bildirib, bu il çərçivəsində AMEA qarşısında qoyulmuş vəzifələrdən, icra olunacaq tədbirlərdən danışıb.

Akademik Rasim Əliquliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını ölkəmiz üçün əlamətdar hadisə kimi qiymətləndirərək Prezident İlham Əliyevin öz çıxışlarında hər zaman bu məsələlərə böyük diqqət ayırdığını, Azərbaycanın 2030-cü ilə qədər müəyyən edilmiş milli sosial-iqtisadi inkişafa dair prioritetləri sırasında yaşıl cəmiyyətin formalaşdırılması, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi məsələlərin yer aldığını və bununla bağlı müvafiq qurumlar qarşısında mühüm vəzifələrin qoyulduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti hazırda bütün dünyada enerji təhlükəsizliyi məsələlərinə böyük önəm verildiyini qeyd edərək ölkəmizdə də, xüsusən, 2-ci Qarabağ müharibəsindən sonra bu istiqamətdə işlərin sürətləndirildiyini diqqətə çatdırıb. Alimin sözlərinə görə, IV sənaye inqilabının gətirdiyi yeniliklər kontekstində süni intellekt texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması ilə iqtisadiyyatın şaxələnməsi, ənənəvi iqtisadi sferalardan fərqli olaraq, yeni iqtisadi sahələrin meydana gəlməsi, enerji istehsalı, enerji təhlükəsizliyinin yenidən qurulması istiqamətdə mühüm addımlar atılır. Akademik Rasim Əliquliyev əlavə edib ki, artıq ölkəmizin bir çox yerlərində neftə, qaza əsaslanan enerji istehsalına deyil, alternativ enerji mənbələrindən istifadəyə, günəş, külək və su elektrik stansiyalarının sayının artırılmasına üstünlük verilir.

“Alternativ enerji mənbələrindən istifadə ölkəmizdə yaşıl siyasətin formalaşması istiqamətində atılan mühüm addımlardan biridir”, - deyə akademik Rasim Əliquliyev vurğulayıb. O, bildirib ki, iqlim dəyişiklikləri üzrə dünyanın mötəbər tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) ötən il dekabr ayının 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş, bu tədbirdə 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi yekdilliklə qərara alınmışdır. AMEA-nın vitse-prezident bu qərarın dünya ölkələrinin Azərbaycan dövlətinə və xalqına, dövlət başçısının siyasətinə olan etimadının göstəricisi olduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Bu kimi mötəbər konfransın ölkəmizdə keçirilməsinin, həmçinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyduğunu söyləyən akademik Rasim Əliquliyev aidiyyəti dövlət qurumlarında, o cümlədən AMEA-da bununla bağlı Tədbirlər Planının hazırlanması istiqamətində işlərin görüldüyünü, Azərbaycan alimlərinin bu prosesdə yaxından iştirak edəcəklərini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin, həmçinin digər qurumların  elm və ali təhsil müəssisələrində uzun müddətdir ki, yaşıl cəmiyyətin qurulması, alternativ en erji mənbələrinin müəyyənləşdirilməsi, istehsal edilməsi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun, bütövlükdə, bütün ölkə ərazisində radiasiya təhlükəsizliyinin təmin olunması istiqamətində tədqiqatların aparıldığını qeyd edərək yaşıl siyasətə aid olan ayrı-ayrı təhlükələrlə mübarizə aparılmasının hər zaman Azərbaycan alimlərinin prioritetləri sırasında olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti müvafiq dövlət qurumları ilə yanaşı, cəmiyyətimizin müxtəlif sektorlarının da ölkəmizdə yaşıl siyasətə dəstək verən rəqəmsal texnologiyalardan istifadə olunması işlərində yaxından iştirak etdiklərini deyib. Qeyd edib ki, ekosistemin tarazlığının təmin olunması və mövcud təhlükələrlə mübarizə aparılması, ənənəvi iqtisadiyyatin yaşıl iqtisadiyyata transformasiya olunması üçün cəmiyyətimizdə yaşıl mədəniyyətin formalaşdırılması, xüsusən, gənclərə bu təfəkkürün aşılanması istiqamətində ardıcıl, sistemli tədbirlərin görülməsi zəruridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.