Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib.
Əvvəlcə AMEA FRTEB üzrə elmi müəssisələrin nailiyyətlərinə həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbirdə Bölmənin Ümumi Yığıncağının üzvləri, elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, ictimaiyyətlə əlaqələr, təhsil və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, həmkarlar təşkilatlarının nümayəndələri, gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.
İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev öncə cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq olunduğunu xatırladıb. Alim Akademiyanın yeni Nizamnaməsində bir sıra funksiyaların, o cümlədən, elmi müəssisələrin, respublika üzrə müxtəlif elmi-tədqiqat qurumlarının fəaliyyətinin elmi nöqteyi-nəzərdən qiymətləndirilməsi, problemlərin müəyyənləşdirilməsi, elmi ekspertizanın keçirilməsi, hesabatların təşkili kimi işlərin elmi bölmələrə həvalə olunduğunu söyləyib. Akademik Rasim Əliquliyev hesabatlara həsr olunmuş Ümumi yığıncağın iclaslarında bölmənin əhatə etdiyi elmi müəssisələrdə araşdırılan elmi problemlərin yenidən nəzərdən keçirilməsi, dövlət və cəmiyyətin maraqlarına uyğunlaşdırılması, əldə olunan mühüm elmi nəticələrin nüfuzlu elmi bazalara daxil olan jurnallarda dərc olunması, elmi təşkilatların və tədqiqatçıların elmmetrik göstəricilərinə diqqətin artırılması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, ali məktəblər və elmi-tədqiqat müəssisələri arasında münasibətlərin qurulması, birgə tədqiqatların həyata keçirilməsi istiqamətində intellektual diskussiyaların aparılmasının önəmini qeyd edib.
Sonra iclasda AR Elm və Təhsil Nazirliyinin (ETN) Riyaziyyat və Mexanika İnstitutunun 2023-cü ildə aparılan elmi-tədqiqat işlərinin yekunları ilə bağlı hesabat dinlənilib. Hesabatı institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov təqdim edərək bildirib ki, 2023-cü ildə institut əməkdaşları tərəfindən 115 məqalə (73-ü xaricdə), 131 tezis (40-ı xaricdə), 1 monoqrafiya, 6 kitab (1dərslik, 2 test toplusu, 3 elmi-pedaqoji), 22 elmi populyar məqalə nəşr edilib. “Clarivate Analytics” və “Scopus” bazalarına daxil olan nəşrlərdəki məqalələrin sayı 77-dir. İl ərzində institut əməkdaşlarının əsərlərinə 2000 istinad qeydə alınıb.
AMEA-nın müxbir üzvü Misir Mərdanov cari ildə alınmış qrantlar, təltif və mükafatlar, yerli və beynəlxalq elmi qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, kadr hazırlığı, institutda nəşr olunan jurnallar, elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib.
ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov rəhbərlik etdiyi müəssisənin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. Akademik bildirib ki, institutda cari il üzrə müəyyənləşdirilmiş idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas elmi istiqamətlər üzrə tədqiqatlar aparılmış, ümumilikdə 41 mühüm elmi nəticə alınmış, potensial tətbiqi layihələr həyata keçirilmişdir. Elmi nəşriyyat fəaliyyətini diqqətə çatdıran baş direktor institut əməkdaşları tərəfindən 2023-cü ildə 333 məqalə (onlardan 64-ü “Web of Science” və 49-u “Scopus” bazalarında), 2 kitab (xaricdə), 2 dərs vəsaiti və 2 monoqrafiyanın çap olunduğunu, onların əsərlərinə 2786 dəfə istinad edildiyini deyib.
Akademik Əli Abbasov institutun imzaladığı əməkdaşlıq müqavilələri, bu qurumun innovasiya, nəşriyyat və patent fəaliyyəti, ölkədaxili və beynəlxalq qrant layihələrində iştirak, kadr hazırlığı, konfrans və iclasların təşkili, elm və təhsilin inteqrasiyası ilə bağlı görülən işləri də iclas iştirakçılarının nəzərinə çatdırıb.
ETN Fizika İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verən institutun icraçı direktoru,fizika-riyaziyyat elmləri doktoru, professorHüseyn İbrahimov bildirib ki, elmi müəssisənin əməkdaşları 2023-cü ildə də fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işlərini davam etdirərək səmərəli fəaliyyət göstəriblər, əhəmiyyətli elmi nəticələr əldə ediblər. Cari ildə Fizika İnstitutunda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilib. İnstitutda il ərzində 185-i “Web of Science” və “Scopus” nüfuzlu elmi bazalarında olmaqla ümumilikdə 380 məqalə çap olunub, 2 kitab işıq üzü görüb. Daha sonra professorHüseyn İbrahimov 2023-cü ildə Fizika İnstitutunda əldə olunan bir sıra mühüm elmi nəticələri və tətbiq olunmuş işləri iclas iştirakçılarının diqqətinə təqdim edib.
ETN Radiasiya Problemləri İnstitutunun 2023-cü ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev təqdim edib.
AMEA-nın müxbir üzvü İslam Mustafayev institutda radiasiya təhlükəsizliyi, radiasiya materialşünaslığı, radiasiya texnologiyaları və ekoloji təmiz energetika elmi istiqamətlərində aparılan tədqiqatların nəticələrindən bəhs edib, eyni zamanda elmi-tədqiqat işlərinin nəticələrinin istehsalatda tətbiqi ilə bağlı zəruri məlumatları diqqətə çatdırıb. İl ərzində çap olunan 122 məqalədən 94-nün yüksək impakt faktorlu jurnallarda dərc olunduğunu, 70 məqalənin “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan jurnallarda nəşr edildiyini deyib.
O, həmçinin il ərzində institutda elmi kadrların hazırlanması, ölkədaxili və beynəlxalq əməkdaşlıq əlaqələri, innovativ fəaliyyət, qrant layihələri, elm və təhsilin inteqrasiyası, eləcə də “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
ETN Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Rəsədxananın 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı təqdim edib. Baş direktor hesabat ilində Səma cisimlərinin fizika və dinamikası istiqamətində ulduz və qalaktikaların kompleks tədqiqi, eləcə də Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası problemləri üzrə tədqiqatların aparıldığını, mühüm elmi nəticələrin əldə edildiyini diqqətə çatdırıb: “İl ərzində rəsədxana əməkdaşları tərəfindən 63 məqalə çap edilmişdir ki, onlardan 14-ü “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan jurnallarda öz əksini tapmışdır. Eyni zamanda 1 kitab hazırlanmış, 23 tezis ölkə və respublika səviyyəli konfranslarda məruzə edilmişdir”.
ETN Biofizika İnstitutunun 2023-cü il üzrə illik hesabatı ilə bağlı bu qurumun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov məruzə edib. O, bioloji sistemlərin fiziki-kimyəvi əsasları” istiqamətində “Bioloji sistemlərdə struktur-dinamika-funksiya əlaqələri” problemi üzrə tədqiqatların aparıldığını, əhəmiyyətli nailiyyətlərin əldə olunduğunu deyib.
AMEA-nın müxbir üzvü O.Qasımovun sözlərinə görə, hesabat ilində Biofizika İnstitutunda ilk növbədə AR Prezidentinin fərman və sərəncamlarının və digər əhəmiyyətli qərar və dövlət proqramlarının icrası ilə əlaqədar irəli gələn vəzifələr yerinə yetirilmişdir. 2023-cü ildə institutun elmi işçiləri tərəfindən 19 elmi məqalə (onlardan 7-si Scopus və WoS bazalarına daxil olan jurnallarda), 11 tezis (onlardan 2-si xaricdə) çap edilmişdir. Alim AMEA-nın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, beynəlxalq elmi əlaqələrin gücləndirilməsi və s. istiqamətlərdə perspektivdə görülməsi nəzərdə tutulan tədbirlər barədə də danışıb.
Daha sonra çıxış edən Milli Aviasiya Akademiyasının (MAA) elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Afiq Həsənov Milli Aviasiya Akademiyasında 2023-cü ildə alınmış mühüm elmi nəticələri diqqətə çatdırıb. 12 elmi istiqamət üzrə 25 mövzuda elmi-tədqiqat işlərinin aparıldığını, Akademiyanın əməkdaşları tərəfindən 275 məqalə və tezisin nəşr edildiyini bildirib. Qeyd edib ki, bu məqalələrdən 100-ü beynəlxalq jurnallarda (22-si nüfuzlu jurnallarda) çap olunmuşdur. Milli Aviasiya Akademiyasının ixtiralarına 5 patent alınmışdır. 2023-cü ildə MAA-da 5 elmlər, 6 fəlsəfə doktoru və 54 magistr dissertasiyası müdafiə olunmuşdur.
AMEA-nın müxbir üzvü Afiq Həsənov Akademiyanın ayrı-ayrı kafedralarında radiotexnika, radiolokasiya, radionaviqasiya, televiziya sistemləri və qurğuları, yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı, sistemli analiz, informasiyanın işlənməsi və idarəetmə və digər istiqamətlərdə aparılan tədqiqatların nəticələrindən bəhs edib.
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun 2023-cü il üzrə illik hesabatını təqdim edib. Elmi-nəzəri fəaliyyət haqqında məlumat verən akademik cari ildə institutda qabaqcıl informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi, eləcə də rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətlərində tədqiqatların aparıldığını nəzərə çatdırıb.
Akademik Rasim Əliquliyev elmi əsərlər və elmmetrik göstəricilərlə bağlı statistikanı təqdim edərək cari ildə institut əməkdaşlarının məqalələrinə 2059 dəfə istinad edildiyini, bu rəqəmin son 5 ildə 10973-ə bərabər olduğunu deyib. 2023-cü ildə 43 məqalənin nüfuzlu “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda dərc edildiyini vurğulayıb. Əlavə edib ki, son 5 ildə institut əməkdaşlarının 324 məqaləsi nüfuzlu elmi bazalarda öz əskini tapmışdır. Azərbaycan alimlərinin İKT sahəsindəki fəaliyyəti beynəlxalq aləmdə də yüksək qiymətləndirilmiş, son 4 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adları ABŞ-ın Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edilmişdir. Alim, həmçinin elmi-innovasiya və praktiki, elmi-texniki ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyət və kadr hazırlığı, dövlət tapşırıqlarının icrası, institutda 2023-cü ildə müdafiə olunmuş və hazırda müdafiə ərəfəsində olan dissertasiya işləri, elm və təhsilin inteqrasiyası, multidissiplinar araşdırmalar, elmi və texnoloji dəstək qrantları, elmi biliklərin populyarlaşdırılması, sosial tədbirlər və digər istiqamətlərdə görülmüş işlər haqqında ətraflı məlumat verib.
Daha sonra iclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxış edərək FRTEB-in elmi müəssisələrində aparılan tədqiqatları, mühüm elmi nəticələri yüksək qiymətləndirib. O, öz çıxışında dövlət başçısının 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda hazırda bütün dünyada son dərəcə aktual olan kriptoqrafiya məsələlərinin yer aldığını, bununla bağlı müvafiq dövlət qurumlarının, alim və mütəxəssislərin qarşısına mühüm vəzifələrin qoyulduğunu vurğulayıb. Azərbaycanda kriptoqrafiya ilə bağlı qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinin, kompleks tədqiqatların aparılmasının, bu sahədə elmi məktəbin formalaşmasının müasir dövrün tələbi olduğunu deyib. Eyni zamanda ölkəmizdə kriptoqrafiya sahəsində görülən işlər, əldə edilən nailiyyətlər haqqında məlumat verib.
Müvafiq elmi müəssisələrdə aparılmış elmi tədqiqatların nəticələrinə dair fikir mübadiləsi aparıldıqdan sonra hesabatlar qəbul olunub.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev FRTEB-in fəaliyyətini yüksək qiymətləndirib, bu Bölmənin əhatə etdiyi elmi müəssisə və təşkilatların il ərzində səmərəli fəaliyyət göstərdiklərini, mühüm elmi nəticələr əldə etdiklərini söyləyib. Bölmənin əhatə etdiyi elmi müəssisə və təşkilatlarda nəzəri tədqiqatlarla yanaşı, Azərbaycan dövlətinin və cəmiyyətinin maraqlarına xidmət edən tətbiqi araşdırmalara da üstünlük verilməsini alim və ziyalılarımızın dövlət başçısının yürütdüyü siyasətə dəstəyi kimi dəyərləndirib.
Alim çıxışının sonunda Bölmə üzvlərini, institut və təşkilatların əməkdaşlarını AMEA, Elm və Təhsil Nazirliyi, eləcə də FRTEB-in rəhbərliyi adından 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, hər kəsə cansağlığı, gələcək fəaliyyətlərində yeni nailiyyətlər azrulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.