Mürəkkəb bulud sistemlərinin və Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi problemləri araşdırılır

21 Dekabr 2023 - 10:41 | Konfranslar, İclaslar
Mürəkkəb bulud sistemlərinin və Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi problemləri araşdırılır

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri” və “Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri” üzrə elmi tədqiqatlar aparan şöbənin illik fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

R.Ələkbərov “Bulud hesablama sistemlərinin sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda doktorluq dissertasiyası çərçivəsində mühüm nəticələrin əldə olunduğunu bildirib. Qeyd edib ki, 2023-cü ildə bulud texnologiyalarının elmi-nəzəri problemləri, mobil bulud hesablama sistemlərində bulud resurslarının (proqram təminatlarının) cloudlet-lərdə səmərəli yerləşdirilməsi üçün metod və alqoritmin, bulud əsaslı SCADA sistemlərində təhlükəsizlik məsələləri üçün mexanizmlərin və şəhər miqyaslı mobil şəbəkə mühitində cloudlet-lərin optimal yerləşdirilməsi metodunun işlənməsi istiqamətində araşdırmalar aparılmışdır.

Şöbə rəhbəri mobil bulud hesablamalarının optimal sintezi, kiber-fiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi, kiberinsidentlərin aşkarlanması və ziyanın qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi, paylanmış hesablama sistemlərinin resurslarının səmərəli istifadəsində Enterprise Desktop Grid texnologiyalarının tətbiqi, şəbəkə sistemlərinin və vasitələrinin səmərəli idarə edilməsi mexanizmlərinin işlənilməsi, superkompüterin enerji sərfiyyatında meydana çıxan problemlər və onların həlli yolları ilə bağlı aparılan tədqiqatların nəticələrini də diqqətə çatdırıb.

R.Ələkbərov il ərzində 9 məqalənin “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə, 13 tezisin isə respublika və beynəlxalq səviyyəli konfranslara təqdim edildiyini söyləyib.

Məruzəçi beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Cari ildə GEANT Assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini nəzərə çatdırıb. Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramının Rəqəmsal, sənaye və kosmos istiqaməti üzrə qrant layihələrində iştirak edildiyini bildirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev şöbədə aparılan tədqiqatların hər birinin aktual elmi problemlərə həsr olunduğunu söyləyib, əməkdaşlara elmi fəaliyyətlərini gücləndirməyi tövsiyə edib. Alim, həmçinin mobil bulud şəbəkələrində fərdi məlumatların təhlükəsizliyi üçün mexanizmlərin, enerji infrastrukturunun Sənaye 4.0 əsasında qurulması üçün metod və alqoritmlərin, kiber-fiziki sistemlərin şəbəkə infrastrukturunun təhlükəsizliyinin təmin olunması mexanizmlərinin işlənməsi ilə bağlı tədqiqatların daha da dərinləşdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.