İnkişaf və Zəfərə aparan yol - Heydər Əliyev siyasi kursunun uğur salnaməsi

12 Dekabr 2023 - 09:55 | Rəsmi xronika
İnkişaf və Zəfərə aparan yol - Heydər Əliyev siyasi kursunun uğur salnaməsi

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Ulu Öndərin ideyalarının işığında Azərbaycan 20 ildə əsrə bərabər yol keçib. Ölkəmiz inkişaf edərək qüdrətli dövlətə çevrilib. Çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.

Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə bir sıra transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizə mühüm siyasi-iqtisadi dividendlər gətirməkdədir. Bu gün Azərbaycan azsaylı kosmik ailənin üzvünə çevrilib. Səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bütün bu uğurlar Ulu Öndərimizin həmişəyaşar ideyaları, Prezident İlham Əliyevin nəticəyə hesablanmış qərarları, dünyadakı mövcud reallıqlara adekvat siyasəti, çevik diplomatik gedişləri sayəsində mümkün olub.

Tənəzzüldən yüksəlişə doğru

Azərbaycanın ən yeni tarixi, qazandığı möhtəşəm uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövründə Azərbaycan milli dirçəliş və intibah dövrünü yaşayıb.

Heydər Əliyevin ölkə rəhbəri seçilməsi ilə həyatın ritmi büsbütün dəyişdi, ölkədə canlanma və yüksəliş, geniş quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri zavodu, dərin dəniz özülləri zavodu, memarlıq incilər olan binalar – “Gülüstan” sarayı, indiki Heydər Əliyev Sarayı tikildi, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri, mikrorayonlar salındı. Pambıq, tərəvəz, üzüm istehsalı dəfələrlə artdı. Bunun nəticəsində əhalinin güzəranı da xeyli yaxşılaşdı.

 

Heydər Əliyev hələ sağlığında əfsanələşmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biri idi. Dünyanın məşhur simaları onu siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə malik şəxsiyyət kimi səciyyələndirirlər.

Əminliklə demək olar ki, Azərbaycan tarixinin misilsiz inkişaf dövrü olan 1970-1980-ci illər xalqımızın qəlbində illərlə yığılıb qalmış milli ideyanın - azad, müstəqil, suveren Azərbaycan dövləti ideyalarının canlanmasına, gələcəkdə milli azadlıq hərəkatının aparıcı qüvvəsi dərəcəsinə yüksəlməsinə zəmin yaratdı.

Xalqın əbədi qürur mənbəyi

Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətdir. Azərbaycan xalqı Heydər Əliyevlə qürur duyur. Həyatı bilavasitə öz xalqı ilə sıx bağlı olan Ulu Öndər dövlətçilik salnaməmizdə təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşib. Danılmaz həqiqətdir ki, Heydər Əliyev Azərbaycanı qəlbən sevən və bütün həyatı boyu Vətəni üçün, bu yolda hər bir əzab-əziyyətə hazır olan dahi insan idi.

O, SSRİ kimi nəhəng dövlətin əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələr tuturdu. Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi təbii ki, Azərbaycanın xeyrinə oldu. O, öz nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi.

Həmin dövrdəki yorulmaz fəaliyyəti, qətiyyəti, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini durmadan artırırdı. Bununla eyni vaxtda ona qarşı paxıllıq və həsəd hissləri də baş qaldırırdı. Xüsusən ermənipərəst Mixail Qorbaçov onu hər vəchlə Kremldən uzaqlaşdırmağa çalışırdı. Bu məqsədlə Azərbaycanın böyük oğluna qarşı bədnam kampaniya başladıldı. Heydər Əliyev ölkə rəhbərliyi ilə aralarında yaranmış ciddi ixtilafla əlaqədar tutduğu vəzifələrdən istefa verdikdən sonra erməni şovinistləri Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər, Qarabağda separatçılıq baş qaldırdı. 1990-cı ilin yanvarında sovet ordusu Bakıda qanlı qırğın törətdi. O vaxt da, indi də bir çoxları əminliklə deyir: Əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də Qara Yanvar hadisələri baş verməzdi.

Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanın taleyini dəyişdi

1990-cı illərin əvvəllərində ölkəmiz çətin günlər yaşayırdı. Buna biganə qala bilməyən Heydər Əliyev Moskvadan Azərbaycana qayıtdı. Ovaxtkı iqtidar onun Bakıya yolunu kəsdiyi üçün Ulu Öndər doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu.

Ümummilli Lider muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımızı ilk dəfə Naxçıvanda ucaltdı, Yeni Azərbaycan Partiyasının təməlini qoydu. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş cəsarətli, gələcəyə hesablanmış qərarları Azərbaycanın sonrakı taleyində mühüm rol oynadı.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Azərbaycan böyük bəlalarla – xaos və anarxiya, vətəndaş müharibəsi, müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ilin yayında vəziyyət daha da gərginləşdi. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Xalqın çağırışı ilə iyunun 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev üzərinə böyük məsuliyyət götürərək xilaskarlıq missiyasına başladı. Ulu Öndər qorxunc təhlükələri dəf edərək milli dövlətimizi qurmağa başladı. Həmin illərdə milli maraqlara söykənən xarici siyasət kursu formalaşdırıldı, ölkədə yaradılan ictimai-siyasi sabitlik quruculuq işlərinə yol açdı.

Bununla eyni vaxtda nizami ordu yaradılması istiqamətində də vacib addımlar atılırdı. Heydər Əliyev cəbhə bölgələrinə gedir, ön xətdə əsgərlərlə görüşürdü. Bu, orduda böyük ruh yüksəkliyi yaratdı və nəticədə düşmənin yeni işğal planlarının qarşısı alındı.

Dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin müdrik xarici siyasəti, şəxsi nüfuzu sayəsində müstəqil Azərbaycan inamla beynəlxalq arenaya çıxmağa başladı. Onu dünyanın hər yerində hörmətlə qarşılayır, sözünü eşidirdilər.

“Əsrin müqaviləsi” – dirçəliş dövrünün başlanğıcı

1994-cü ildə Azərbaycan investisiya qoyuluşu üçün riskli ölkə sayılırdı. Bir çox xarici şirkətlər Azərbaycan neftinə sərmayə qoymağa tərəddüd edirdilər. Ümummilli Lider Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandıra bildi ki, Azərbaycana qoyulan sərmayə hədər getməyəcək. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair sonradan “Əsrin müqaviləsi” adı almış neft kontraktları imzalandı. Bu, tarixi hadisə Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu. “Əsrin müqaviləsi” ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan neft ölkəsi olaraq tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı.

Sonra Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi. Onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri ərsəyə gəldi. Bakı-Tbilisi-Qars dəmiryolu, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr reallaşdırıldı. Bu transmilli enerji və nəqliyyat layihələri ölkəmizi beynəlxalq aləmdə mühüm aktora çevirir.

Azərbaycanın möhtəşəm uğurları Ulu Öndərin həmişəyaşar ideyalarından qaynaqlanır

Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın yollarını işıqlandırmaqdadır. Prezident İlham Əliyev dünyada yaranan müasir reallıqlarını nəzərə almaqla, Ulu Öndərin yolunu əzmlə davam etdirir və ölkəmizi durmadan irəli aparır. Qlobal siyasətin incəliklərinə dərindən bələd olan, milli maraqları qətiyyətlə müdafiə edən Prezident öz titanik fəaliyyəti ilə Azərbaycanı qüdrətli ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirib.

Xalq öz liderinə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində qazanılan möhtəşəm Zəfərdir. Azərbaycan Prezidenti quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur.

Bu və digər nailiyyətlərin əsasında Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır.

 AZƏRTAC