Kibertəhlükəsizlik məsələləri ilə bağlı qrant layihəsinin icra vəziyyəti müzakirə olunub

05 Dekabr 2023 - 12:55 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda AR Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən “Neft-qaz sənayesinin idarəetmə sistemlərinin kompleks kiber-fiziki təhlükəsizliyi məsələləri” qrant layihəsi çərçivəsində aparılan tədqiqatların hesabatına həsr olunmuş seminar keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, elmi fəaliyyətin səmərəliliyinin artırılması, əməkdaşların əməyinin stimullaşdırılması, eləcə də əldə edilən nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından ölkə və beynəlxalq səviyyəli qrant layihələrində fəal iştirakın vacibliyini qeyd edib.

Sonra müvafiq qrant layihəsi üzrə görülmüş işlərin monitorinqinin aparılması, elmi nəticələrin qiymətləndirilməsi və yeni vəzifələrin müəyyənləşdirilməsi məqsədilə institut əməkdaşlarının əldə etdikləri nəticələrə dair hesabatlar təqdim olunub. Hər bir layihə icraçısı qarşısına qoyulan məsələ, çap olunmuş məqalə və tezislər barədə ətraflı məlumat verib.

Hesabatlara dair fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Akademik Rasim Əliquliyev dövlət siyasətinin prioritetləri və yeni çağırışlarla bağlı olan kibertəhlükəsizlik problemlərinin müxtəlif aspektlərinə həsr olunmuş tədqiqatların dərinləşdirilməsi və əldə edilən elmi-nəzəri nəticələrin nüfuzlu jurnallarda nəşr olunmasının önəmini vurğulayıb.

“Qeyd olunan qrant layihəsi çərçivəsində intellektual bulud sistemlərinin kibertəhlükəsizlik və kiberdayanıqlılıq məsələləri, kiber-fiziki sistemlərin kritikliyinin qiymətləndirilməsi və digər aktual problemlərlə bağlı əsaslı tədqiqatların aparılması müvafiq sahədə elmin inkişafına mühüm töhfələr verəcək”, – deyə bildirən alim gələcək tədqiqatlara dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.