İnformasiya Texnologiyaları İnstitutunda “İterativ və iterativ çəkili k-means alqoritmlərinin eksperimental nəticələrinin analizi” mövzusunda onlayn elmi seminar keçirilib.
Məruzəni təqdim edən institutun doktorantı Şəlalə Tahirzadə tədqiqat işində böyük həcmli məlumatların analizi üçün təklif edilən, k-means alqoritminin modifikasiya olunmuş versiyaları olan iterativ və iterativ çəkili k-means alqoritmləri ilə bağlı eksperimentin nəticələri barədə məlumat verib.
Tədqiqatçı bildirib ki, daha öncə 10 müxtəlif ölçülü verilənlər toplusu üzərində aparılmış təcrübənin nəticələrinə əsasən, böyük ölçülü verilənlər toplusu üzərində eksperimentin aparılması tövsiyə edilib.
“Məlumdur ki, k-means alqoritminin ən böyük çatışmazlıqlarından biri də nəticələrin ilkin mərkəzin seçilməsindən asılı olmasıdır. Bu səbəbdən eksperiment zamanı başlanğıc klaster mərkəzlərinin seçilməsi üçün 4 metod (k-means++, Hartigan-Wong, MacQueen, Lloyd) seçilib. Hər bir alqoritm üzrə nəticələr 10 dəfə icra edilib və orta qiymət hesablanaraq yekun göstəricilər qeyd olunub. Nəticələrin qiymətləndirilməsi üçün zaman, funksiya qiyməti və “Purity” indeksi metrika olaraq istifadə edilib. Bu metrikalar əsasında hər 3 alqoritmin bir-biri ilə müqayisəli analizi aparılıb, üstünlükləri və çatışmazlıqları nəzərdən keçirilib”, – deyə Ş.Tahirzadə söyləyib.
Sonra eksperimentin nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Fərqli verilənlər toplusu üzərində eyni eksperimentin aparılması, tədqiqat işinə dair məqalədə daha izahlı təsvir üçün yekun nəticələrin qrafiklər vasitəsilə vizuallaşdırılması tövsiyə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.