10 ildən artıqdır ki, audio-videokommunikasiyanı təmin etmək üçün coğrafi baryerləri aşan “Skype” servisi “Microsoft Research” laboratoriyasının innovasiyalarından istifadə etməklə, kommunikasiya üçün daha bir baryeri – dil baryerini aradan qaldırmaq üzrədir.
Belə ki, “Skype” səsli zənglər zamanı danışığı müxtəlif dillərə avtomatik tərcümə edən “Skype Translator” funksiyasını testdən keçirir. Bu haqda lenta.ru-ya şirkətin mətbuat xidmətindən bildirilib.
“Skype Translator”-un ilkin versiyası səsli zəng zamanı hələ ki, ispan və ingilis dillərində danışığın sinxron tərcüməsini təmin edəcək. Bundan əlavə, “Skype” istifadəçilərinə 40-dan artıq dildə ani məlumatların tərcüməsi əlyetərli olacaq. Funksiyanı testdən keçirmək üçün Skype Translator ünvanında qeydiyyatdan keçmək, bu zaman ispan dilini seçmək və Windows 8.1 platformasında işləyən qurğuda servisdən istifadə etmək lazımdır.
Növbəti mərhələdə “Skype Translator”da ərəb, çin, fransız, alman, italyan, yapon, koreya, portuqaliya və rus dilləri namizəddir.
Servis Meksika və ABŞ-da olan iki orta məktəbdə testdən keçirilib. “Skype” dil baryerini aradan qaldırmaqla uşaqlara bir-birilərinin dilini bilmədən ünsiyyət qurmağa imkan verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.