Vətəndaş elmi layihələrində verilənlərin tanınmasında süni intellektin tətbiqi məsələləri araşdırılır

11 Oktyabr 2023 - 10:46 | Konfranslar, İclaslar
Vətəndaş elmi layihələrində verilənlərin tanınmasında süni intellektin tətbiqi məsələləri araşdırılır

“Vətəndaş elmi layihələrində verilənlərin tanınmasında süni intellektin tətbiqi” adlı məruzə “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2023) XVII beynəlxalq elmi-texniki konfransında müzakirə edilib.

Məruzəni təqdim edən İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Nərgiz Verdiyeva vətəndaş elmində süni intellektin istifadəsinin vətəndaş alimlərə verilənlərin toplanması, emalı, saxlanması və ötürülməsi prosesində kömək etdiyini qeyd edib.

Tədqiqatçı vətəndaş elmi layihələrində verilənlərin tanınması üçün süni intellekt texnologiyalarının tətbiqinin araşdırıldığını diqqətə çatdırıb: “Müasir dünyada Sənaye 4.0 platforması daxilində müxtəlif intellektual məsələlərin həlli süni intellekt texnologiyalarından istifadə etməklə onların icra müddətinin azaldılması hesabına xeyli asanlaşmışdır”.

Onun sözlərinə görə, vətəndaş elmi layihələrinin xüsusiyyətləri onların ən çox ətraf mühitlə əlaqəli olmasını göstərir. Bu da müxtəlif ekoloji obyektlərin təsnifatını zəruri edir.

N.Verdiyeva bildirib ki, süni intellekt texnologiyaları əsasında vətəndaş elminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər araşdırılmış, verilənlərin təsnifatını yaxşılaşdırmaq üçün maşın təlimi, dərin təlim kimi süni intellekt texnologiyaları tədqiq edilmişdir. Eyni zamanda süni intellekt və vətəndaş elminin inteqrasiyası zamanı yaranan bəzi problemlər və onların qarşısının alınması üçün tədbirlər nəzərdən keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.