İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında ABŞ-ın Yuta Universitetinin elmi işçisi Xaqan Kərimov “Boşluqların tapılmasında diferensial testin rolu: “WebAssembly” nümunəsi” adlı məruzə ilə çıxış edib.
X.Kərimov hazırda ABŞ-ın Milli Elm Fondunun (National Science Foundation) “fuzzing” və İnternet siyasəti ilə bağlı məsələlərin araşdırılmasına xüsusi diqqət ayırdığını nəzərə çatdırıb. O, “fuzzing” anlayışı və diferensial test metodunun iş prinsipi haqqında ətraflı məlumat verib. Bildirib ki, proqramlaşdırma və proqram təminatının işlənib hazırlanmasında “fuzzing”, kompüter proqramına etibarsız, gözlənilməz və ya təsadüfi məlumatlar daxil edərək, həmin kompüter proqramının dayanıqlılığını yoxlayan avtomatlaşdırılmış proqram testi üsuludur.
Gənc tədqiqatçı proqram məhsullarının testləşdirilməsi metodlarından biri olan diferensial testin boşluqların tapılması üçün ABŞ-ın Stenford Universitetində yaradılmış yeni proqramlaşdırma dili “WebAssembly”də tətbiqindən söz açıb, əldə olunmuş nəticələri diqqətə çatdırıb.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun müvafiq şöbəsində dayanıqlı, səmərəli, intellektual proqram sistemlərinin yaradılması və testləşdirilməsi, eləcə də testləşdirmənin keyfiyyətinin yaxşılaşdırılması, insan faktorunun minimallaşdırılması üçün xüsusi smart texnologiyaların tətbiqi istiqamətində tədqiqatların aparıldığını nəzərə çatdırıb.
Tədbirdə, həmçinin, Yuta Universiteti ilə institut arasında elmi əməkdaşlıq perspektivləri, xüsusən yüksəkixtisaslı kadrların hazırlanması, təcrübə və kadr mübadiləsi, hər iki tərəfin alim və mütəxəssislərinin iştirakı ilə tədqiqatların aparılması, birgə elmi konfrans və seminarların təşkili və digər mühüm məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.