Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının və süni intellektin inkişafı və insan-maşın qarşılıqlı əlaqəsi nəticəsində istifadəçi interfeysi təkamülə uğrayıb, cihazlardan istifadə daha əlverişli hala gəlib və bu tendensiya jestlərin tanınma sisteminə də nüfuz edib.
Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Qurbanova institutun həmtəşkilatçılığı ilə Rusiyanın Kursk şəhərində hibrid formatda keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında çıxışı zamanı bildirib.
Konfransda “Əl jestlərinin tanınması üçün hibrid alqoritmlərin iş prinsipi” (Принцип работы гибридных алгоритмов распознавания жестов рук) mövzusunda məruzəni təqdim edən K.Qurbanova bildirib ki, kompüter görmə texnologiyasındakı müasir irəliləyişlər jestlərin izlənməsinə və tanınmasına xidmət edə biləcək ucuz, rahat və əlçatan cihazların meydana çıxmasına səbəb olub. Hazırda jestlərin tanıma problemini həll etmək üçün müxtəlif yanaşmaların mövcud olduğunu deyən məruzəçi tədqiqat işində təsvirdən əl jestlərinin tanınması problemlərinin araşdırıldığını qeyd edib.
Jestlərin avtomatik tanınması prosesinin mərhələləri və videokadrda jesti göstərən əlin şəklini lokallaşdırmağa imkan verən alqoritmlərin iş prinsipini təqdim edən K.Qurbanova qeyd edib ki, alqoritmlər tanınma prosesində problemlər yaradan amillərə qarşı müxtəlif müqavimət səviyyəsinə malikdir.
Məruzəçi hibrid metodlardan istifadə etməklə tanınma texnologiyalarının tətbiqinin yüksək nəticələr əldə etməyə imkan verdiyini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.