AMEA İnformasiya Texnologiyaları İnstitutunun illik hesabatlarına həsr olunmuş növbəti iclasında 1saylı şöbənin layihə baş mühəndisiMəkrufə Hacırəhimova informasiya texnologiyaları istiqaməti üzrə aparılan elmi araşdırmalar haqqında məlumat verib. Məruzəçi analitik informasiya və veb-texnologiyaları, informasiya resurslarının formalaşdırılması və yadda saxlanılması problemləri üzrə mühüm elmi nəticələrin əldə olunduğunu qeyd edib.
M.Hacırəhimova “Elektron-dövlət mühitində mətn tipli sənədlərin intellektual idarə edilməsi üçün model və alqoritmlərin işlənməsi” mövzusunda əhəmiyyətli nəticələrin əldə edildiyini bildirərək hesabat ilində mövzu ilə bağlı dissertasiya işinin müdafiə edildiyini söyləyib. Məruzəçi “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” üzrə də əldə olunmuş elmi nəticələri nəzərə çatdıraraq mövzunun əhəmiyyətindən bəhs edib. Hesabat ilində milli domen adlarının qeydiyyat verilənlərinin intellektual analizi üçün metodların işlənildiyini, eksperimentin aparıldığını bildirib.
Məruzəçi həmçinin elm və texnologiya sahələrinin təsnifatlandırılması üzrə araşdırmalar aparıldığını da diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin Inkişaf Fondunun İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsinə iki məqalənin təqdim olunduğunu qeyd edib.
M.Hacırəhimova informatika fənni üzrə minimum imtahanlar üçün test suallarının hazırlandığını, institutun Tədris - İnnovasiya Mərkəzində doktorant və dissertantlara informatika fənninin tədris edildiyini bildirib. Bundan əlavə, elmi-texniki konfrans və seminarlarda iştirak, dünyanın nüfuzlu elmi informasiya bazalarında tanınmış elmi jurnallarda nəşr olunmuş məqalələr haqqında məlumatları iştirakçıların nəzərinə çatdırıb.
Müxtəlif təyinatlı kitabça və kitabların hazırlanması istiqamətində görülən işlərə gəlincə, M.Hacırəhimova “Elektron sənəd dövriyyəsi texnologiyaları” kitabının hazırlanma mərhələsində olduğunu bildirib.