“Ölkənin intellektual potensialının formalaşdırılması” mövzusunda məruzə beynəlxalq konfransda müzakirə olunub

27 Sentyabr 2023 - 10:51 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında “Ölkənin intellektual potensialının formalaşdırılması” mövzusunda məruzə ilə çıxış edib.

M Hacırəhimova tədqiqat işində cəmiyyətin və milli iqtisadiyyatın davamlı inkişafında intellektual potensialın rolu və onun formalaşdırılması məsələlərindən bəhs olunduğunu nəzərə çatdırıb. Bildirib ki, biliklər iqtisadiyyatı cəmiyyətində maddi resurslar deyil, insan resursları, intellektual aktivlər dəyərləndirilir, intellektual potensial ən qiymətli strateji resurs və rəqabət üstünlüyünün əsas mənbəyi kimi qəbul edilir. Bu gün yüksək intellektual potensiala malik ölkələr dünyada aparıcı rol oynayırlar. Bu baxımdan intellektual potensialın öyrənilməsi, formalaşdırılması, inkişafı və qiymətləndirilməsinə maraq bütün səviyyələrdə (dövlət, biznes, beynəlxalq qurumlar) kəskin şəkildə artmış, eyni zamanda, müxtəlif elm sahələrini təmsil edən tədqiqatçıların da diqqətini cəlb etmişdir.

Məruzəçinin sözlərinə görə, dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində artan ölkələrarası rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti əhalinin intellektual potensialını formalaşdırmaqdır. Bunun üçün XXI əsrin tələblərinə uyğun təhsil, innovasiyaları təşviq edən yaradıcı və innovativ cəmiyyətin formalaşması əsas şərtlərdəndir.

M Hacırəhimova intellektual potensialın xarici mənbələrdən yüksəkixtisaslı kadrlar, müxtəlif əqli mülkiyyət obyektlərinin (məsələn, patentlər, lisenziyalar, nou-hau, texnologiyalar və s.) alınması və ya icarəsi yolu ilə, həmçinin beynəlxalq miqrasiya hesabına formalaşdırılmasından bəhs edib. O, intellektual potensialın formalaşdırılması və təkmilləşdirilməsi zamanı bəzi xüsusiyyətlərin (ali təhsilli yetkin əhalinin xüsusi çəkisi, fasiləsiz təhsil, elmi tutumlu texnologiyaların istehsalı məqsədilə elmi-texniki fəaliyyətin prioritet istiqamətlərinin yaradılması və s.) nəzərə alındığını söyləyib, həmçinin gələcək tədqiqatlarla bağlı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.