Bu gün Rusiyanın Kursk şəhərində “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2023) XVII beynəlxalq elmi-texniki konfransı öz işinə başlayıb.
Sentyabrın 15-dək davam edəcək tədbirin təşkilatçıları Rusiyanın Təhsil və Elm Nazirliyinin rəhbərliyi altında Rusiya Elmlər Akademiyası (REA) “İnformatika və idarəetmə” Federal Tədqiqat Mərkəzi, REA Rəyasət Heyəti yanında Təsvirlərin Analizi və Obrazların Tanınması üzrə Milli Komitə, AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, Belarus Dövlət Universiteti, Milli Tədqiqat Tomsk Dövlət Universiteti, REA-nın Kareliya Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzi və Cənub-Qərb Dövlət Universitetidir.
Hibrid formatda təşkil olunmuş konfransın əsas istiqamətlərinə təsvirlərin riyazi emalı, analizi, tanınması nəzəriyyəsi, maşın sistemlərinin layihələndirilməsi və təhlili, ixtisaslaşdırılmış hesablama cihazları, paralel və paylanmış hesablamalar, optoelektron sistemlərin tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması və ona nəzarət, texniki görmə sistemlərinə əsaslanan tibbi və ekoloji informasiya texnologiyaları və s. daxildir.
Artıq 7-ci ildir ki, institutun həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-texniki konfransa institut əməkdaşlarının 17 elmi məqaləsi qəbul olunub.
Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev beynəlxalq konfransın proqram komitəsinin üzvüdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.