İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi 3 saylı şöbənin 6 ay ərzindəki elmi fəaliyyəti barədə məlumat verib. Şöbə əməkdaşları tərəfindən müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində tədqiqatların davam etdirildiyini söyləyib: “Yarım il ərzində “Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri” və “Industry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri” üzrə tədqiqatlar aparılmışdır”.
R.Ələkbərov “Bulud hesablama sistemlərinin sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda doktorluq dissertasiyası çərçivəsində mühüm nəticələrin əldə olunduğunu deyib. Bildirib ki, 6 ay ərzində bulud texnologiyalarının elmi-nəzəri problemləri, mobil hesablama buludlarında proqram təminatlarının (resursların) cloudlet-lərdə səmərəli yerləşdirilməsi üçün metod və alqoritmin işlənməsi, bulud əsaslı SCADA sistemlərində təhlükəsizlik məsələləri üçün mexanizmlərin işlənməsi, şəhər miqyaslı mobil şəbəkə mühitində cloudlet-lərin optimal yerləşdirilməsi metodunun işlənməsi ilə bağlı araşdırmalar aparılmışdır.
Şöbə rəhbəri mobil bulud hesablamalarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi, kiber-fiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi, kiberinsidentlərin aşkarlanması və ziyanın qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi, grid sisteminin yaradılmasında istifadə edilən proqram təminat vasitələrinin analizi, şəbəkə sistemlərinin və vasitələrinin səmərəli idarə edilməsi mexanizmlərinin işlənilməsi, superkompüterin enerji sərfiyyatında meydana çıxan problemlər və onların həlli yolları ilə bağlı aparılan tədqiqatların nəticələrini də diqqətə çatdırıb.
Tanınmış elmi jurnallarda məqalələrin nəşri barədə məlumat verən R.Ələkbərov 6 ay ərzində 6 məqalənin hazırlandığını, onların “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq jurnallara təqdim olunduğunu bildirib. Həmçinin 7 tezisin rebublika və beynəlxalq səviyyəli konfranslara qəbul olunduğunu nəzərə çatdırıb.
Hesabata münasibətini bildirən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev şöbədə aparılan tədqiqatların hər birinin aktual elmi problemlərə həsr olunduğunu, ölkənin milli maraqlarına xidmət etdiyini deyib, əməkdaşlara öz fəaliyyətlərini daha da gücləndirməyi tövsiyə edib. Alim həmçinin Azərbaycanda enerji infrastrukturunun sənaye 4.0 əsasında yenidən qurulması, təmin olunması, onun texnoloji və konseptual əsaslarının işlənilməsi, Radiasiya Təhlükəsizliyi Monitorinqi Sistemlərinin yaradılması, mobil hesablama buludlarında fərdi məlumatların təhlükəsizliyi üçün mexanizmlərin işlənməsi istiqamətində tədqiqatların davam etdirilməsinin zəruriliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.