Kiber-fiziki geosistemlərin yaradılması üçün metod və alqoritmlər işlənilir

24 İyul 2023 - 15:24 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin 2023-cü il üzrə yarımillik hesabatı müzakirə olunub. Hesabatı təqdim edən şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi struktur bölmənin 6 ay ərzindəki elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib.

O, müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və  inkişaf  etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi   problemləri üzrə tədqiqatların aparıldığını qeyd edib. Bildirib ki, bu istiqamətdə “İnternet mühitində reklam, marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə araşdırmalar davam etdirilir.

A.Səmidov “Kiber-fiziki geosistemlərin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə kiber-fiziki geosistemlərin araşdırılması və müqayisəli təhlilinin aparılması, eləcə də tibbi təyinatlı pilotsuz uçuş aparatları parkının tərkibinin təyin edilməsi ilə bağlı araşdırmaların aparıldığını deyib.

Sonra məruzəçi “Süni intellektə əsaslanan jurnalistika: problemlər və perspektivlər” mövzusunda aparılan tədqiqatlardan danışıb: “Yarım il ərzində “Dron jurnalistikası vasitəsilə informasiyanın toplanması, analizi və saxlanması məsələsi: dünya təcrübəsi”, “Jurnalistikada mətnlərin intellektual linqvistik təminatı problemləri”, eləcə də “İnformasiya inqilabları və jurnalistika” mövzularında müxtəlif məqalə və tezislər hazırlanmışdır”.

A.Səmidov nüfuzlu beynəlxalq jurnallarda nəşr olunan məqalələr, eyni zamanda şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər barədə də məlumat verib.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Multimedia Texnologiyaları Mərkəzinin 6 aylıq hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib, şöbədə aktual problemlər üzrə aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.