İnformasiya Texnologiyaları İnstitutunda yenilənmiş “Google Analytics 4” haqqında məruzə dinlənilib.
Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Aqşin Paşayev əvvəlcə “Google Analytics”in inkişaf mərhələləri, burada məlumatların toplanması və saytların qeydiyyatı, “Universal Analytics”dən yeni “Google Analytics” 4-ə keçid və s. haqqında məlumat verib.
“Google Analytics” haqqında danışan məruzəçi qeyd edib ki, “Google Analytics” (GA), “Google” şirkəti tərəfindən təklif olunan veb-səhifələrin trafikini izləyən və onlar haqqında hesabat təqdim edən pulsuz veb-analitika xidmətidir. GA vasitəsilə sayt istifadəçilərinin sayı, burada keçirilən vaxtın müddəti və s. parametrlər üzrə məlumatlar əldə etmək mümkündür.
A.Paşayev bildirib ki, “Google Analytics”in tarixi 1995-ci ildə Paul Muret, Jack Ancone, Brett Crosby və Scott Crosby tərəfindən əsası qoyulan, əvvəlki adı “Urchin Software Corporation” olan şirkətin yaradılması ilə başlayır.
Onun sözlərinə görə, GA-da məlumatların toplanması və saytların qeydiyyatı prosesində şəxsin elektron poçt hesabı olmalı, veb-resurs qeydiyyatdan keçirilməli, müəyyən olunmuş kod bütün veb-səhifələrə yerləşdirilməlidir.
Sonra tədqiqatçı Yenilənmiş “Google Analytics 4” (GA4) haqqında məlumat verərək onun veb-sayt və mobil tətbiq arasında trafiki və əlaqəni birlikdə ölçməyə və təhlil etməyə imkan verən yeni nəsil analitika xidməti olduğunu qeyd edib. Bildirib ki, GA4 məlumatları əvvəlkindən daha fərqli şəkildə toplayır, saxlayır və təqdim edir. Bununla yanaşı, istifadəçi davranışını daha yaxşı başa düşmək, vacib məlumatları daha sürətli toplamaq, eləcə də istifadəçi məxfiliyinə diqqət yetirmək üçün daha yaxşı texnologiyalardan istifadə edir.
“Google Analytics 4”də olan yeniliklərə veb-sayt və mobil tətbiq məlumatlarının vahid hesabat formasında təqdim edilməsi, hadisələrə əsaslanan məlumat modelindən istifadə edilməsi, daha çox istifadəçi kateqoriyasının olması, həmçinin maşın təlimindən (machine learning) istifadə aiddir. GA4-də ən böyük yeniliklərdən biri isə ənənəvi veb-sayt izləmə ilə yanaşı, mobil proqram məlumatlarının da toplamasının asan olmasıdır”, - deyə o seminar iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra məruzəçi “Universal Analytics” (UA) ilə yenilənmiş GA4 arasında oxşar cəhətlərdən söz açıb. Söyləyib ki “Universal Analytics” kimi “Google Analytics 4” xidmətləri də ödənişsizdir. Bir və ya bir neçə GA4 hesabından istifadə ilə bağlı heç bir ödəniş tələbi və məhdudiyyət mövcud deyil. Həm GA4, həm də UA “Google Ads”, “Google Tag Manager” və “Google Data Studio” kimi digər “Google” məhsulları və xidmətləri ilə inteqrasiya olunur.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndirib, müvafiq istiqamətdə araşdırmaların dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.