İnformasiya Texnologiyaları İnstitutunda 7 saylı şöbənin “Loq-fayllardan alınan verilənlərin klasterləşdirilməsi üçün metodun işlənməsi” mövzusuna həsr edilmiş elmi seminarı keçirilib.
İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova məruzəni təqdim edərək bildirib ki, loq-fayl veb-saytda və ya serverdə baş verən bütün hadisələrin ardıcıl qeydiyyatını aparan, hər hansı bir mətn redaktorunda asanlıqla açıla bilən sənəddir. Loq-faylları mətn sənədlərindən müxtəlif verilənlər bazalarına köçürmək əsas məsələlərdən biridir və bu hallarda istifadə üçün “Squid proxy” ən yaxşı proqram paketlərindən biri hesab olunur. Tədqiqat zamanı nümunə üçün “Squid.db”dən istifadə etməklə “MySQL” bazasına verilənlər köçürülmüşdür. “Squid proxy” serveri “keş-proxy” server olduğu üçün resurslar orada toplanır və növbəti müraciətdə iş sürətlə yerinə yetirilir. Qarşıya qoyulmuş məsələnin həlli üçün klasterləşdirmə metodunun tətbiqi sürətlə və asanlıqla səmərəli nəticələrin əldə edilməsinə imkan verir.
Loqların növləri haqqında məlumat verən tədqiqatçı loq-faylların geniş tətbiq sahəsinə malik olduğunu söyləyib. Qeyd edib ki, bu tip fayllar bir proqram prosesinin tarixini izləmək, vasitələrin vəziyyətini qeyd etmək, istifadəçinin fəaliyyətini izləmək və təhlükəsizliyini təmin etmək və s. üçün istifadə olunur. Loq-faylları araşdırmaq və analiz etmək üçün, bir qayda olaraq, müstəqil proqram təminatından istifadə edilir və bu proqram sisteminin işləməsinə dair məlumatları sürətli və vizual şəkildə öyrənməyə imkan verir.
Bir çox loq-fayllar böyük həcmə malikdirlər. Belə ki, müntəzəm olaraq köhnəlmiş məzmunun üzərindən yazmaq və ya jurnal fayllarının bütün kolleksiyalarını yaratmaq olar. Bu halda lazımsız yazılar cədvəldən silinir ki, bu da verilənlərin emalını xeyli sürətləndirir. Loqlar proqram sistemlərinin icrası zamanı qiymətli informasiyanı toplayır. Loqlarda verilən zəngin biliklər müxtəlif məsələlərin yerinə yetirilməsi üçün tədqiqatçılar və təcrübəçilər tərəfindən proqram təminatının hazırlanması və onun istismarı zamanı istifadə olunur.
Ş.Mahmudova loq-faylları və veb-saytın trafik statistikalarını təhlil etmək üçün istifadə olunan “AlterWind Log Analyzer” veb-serverinin funksiyaları, veb-loqların növləri, loq-faylların “MySQL” bazasına sürətli köçürülməsi və s. haqqında danışıb.
Məruzəçinin sözlərinə görə, elmi-tədqiqat işində klasterləşdirmə metodu, klasterli analiz, klasterləşdirmə alqoritmləri (iyerarxik alqoritmlər, k-means alqoritmlər, neyron şəbəkələr və s.) haqqında məlumat verilmiş, bu metoda aid metrikalar təhlil edilmiş, klasterləşdirmənin üstünlükləri və çatışmazlıqları göstərilmişdir. Əldə edilmiş elmi nəticələrdən istifadə edilərək eksperimentlər aparılmış və nəticə qənaətbəxş olmuşdur.
“Səmərəli fəaliyyət göstərən klasterlər zamanla böyük investisiyaların cəlb olunmasına səbəb olur. Şaquli inteqrasiyaya əsaslanan bir klasterə birləşmək müxtəlif elmi bilik və texnologiyaların yayılması üçün müəyyən bir sistem təşkil edir”, – deyə tədqiqatçı bildirib. Qeyd edib ki, klasterin vacib bir fərqləndirici xüsusiyyəti onun innovasiyayönümlü olmasıdır. Klasterlərin tətbiqetmələrinin üstünlüklərindən biri də sistemlərin miqyaslandırılmasıdır. Mövcud xüsusi proqram təminatı ilə şirkətlər eyni təlimatları izləyən və eyni məlumat dəstlərinə istinad edən çoxsaylı avadanlıqları asanlıqla konfiqurasiya edə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.