İnsan tarixən təbiətdən qidalanmaq üçün istifadə edib. Son zamanlar artıq insan təbiətdən öyrənməyə başlayır, hər bir canlını tədqiq edərək, onun intellektini mənimsəməyə cəhd edir. Alimlər canlıların davranışlarına əsaslanan çoxlu sayda süni intellekt alqoritmləri təklif edirlər.
Bu barədə AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminarında “Təbiətdən qaynaqlanan süni intellekt alqoritmləri” mövzusunda məruzə ilə çıxış edərkən məlumat verib.
Alim diqqətə çatdırıb ki, süni intellekt insanın və digər canlıların intellektini və davranışını təqlid etməkdir. Süni intellektin tərifləri əsas etibarilə 4 qrupa bölünür: insan kimi düşünən, insan kimi fəaliyyət göstərən, rasional düşünən və rasional fəaliyyət göstərən sistemlər. Süni intellektlə bağlı ən cəlbedici təriflərdən biri də budur: “Süni intellekt – mürəkkəb, dəyişən mühitdə avtonom işləyən maşınların yaradılmasına cəhd edilən bir sahədir”. Bu tərifi “Süni İntellekt: müasir yanaşma” kitabının müəllifləri S.Rassel və P.Norviq veriblər.
R.Alıquliyev süni intellekt və onun inkişaf mərhələləri haqqında məlumat verərək bildirib ki, süni intellekt üçün ilkin şərtlər 1943-1955-ci illərdə yaranmışdır. 1956-cı ildə tanınmış amerikalı alim Con Makkarti tərəfindən “süni intellekt” termini daxil edilmişdir. 1952-1969-cu illər erkən həvəs və yüksək gözləntilər, 1966-1973-cü illər reallıqla qarşılaşma, 1969-1979-cu illər biliklərə əsaslanan sistemlər, 1980-ci il süni intellektin sənayeyə çevrilməsi, 1986-cı il süni neyron şəbəkəsinə qayıdış, 1987-ci il süni intellektin elmə çevrilməsi, 1995-ci il intellektual agentlərə əsaslanan yanaşmanın meydana gəlməsi (botlar və s.) dövrüdür. Süni intellekt təbiətlə İKT arasında analoqların müəyyən edilməsi, davranışın modelləşdirilməsi, İKT tətbiqləri üçün modelin sadələşdirilməsi və sazlanması kimi mərhələlərdən keçmişdir.
AMEA-nın müxbir üzvü R.Alıquliyev söyləyib ki, təbiətdən, biologiyadan qaynaqlanan süni intellekt alqoritmləri 1966-cı ildə Fogel tərəfindən irəli sürülmüş təkamül proqramlaşdırma ilə başlasa da, süni intellektin inkişafında genetik alqoritmlər xüsusi əhəmiyyətə malikdir. 200-dən çox təbiətdən qaynaqlanan alqoritm mövcuddur ki, onların arasında biologiyadan, bioaləmdən qaynaqlanan süni intellekt alqoritmləri üstünlük təşkil edir. Alim təbiətdən qaynaqlanan alqoritmlərin təsnifatını təqdim edərək, biologiyadan (genetik alqoritmlər, qarışqa, arı, pişik, alaq otu, meymun, yarasa, qartal, bozqurd, kəpənək, qarğa və s.), fizikadan (qravitasiya, böyük partlayış – böyük böhran, qara dəlik və s.), sosial mühitdən (imperialist rəqabət və s.), kimyadan (kimyəvi reaksiya, Broun hərəkəti və s.), riyaziyyatdan (sinus-kosinus və s.), idmandan (kanatçəkmə, futbol və s.), musiqidən (musiqi bəstələnməsi metodu və s.) qaynaqlanan süni intellekt alqoritmləri barədə ətraflı məlumat verib, onların hər birinə dair nümunələri diqqətə çatdırıb.
Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev məruzəyə dair çıxış edərək, insanın təbiətdən öyrənməsi və bunun bir çox elm sahələrinin inkişafına təkan verməsindən söz açıb. Qeyd edib ki, biologiyanın bir istiqaməti olan biomimetika və ya biomimikriya mürəkkəb insan problemlərini həll etmək üçün təbiətin modelləri, sistemləri və elementlərinin təqlididir. Bu, bioloji mühitin xüsusiyyətlərinin öyrənilməsi və oradan insanın fayda əldə etməsinə xidmət edən ayrıca elm sahəsidir. Bütün bunları nəzərə alaraq, müvafiq istiqamətdə əsaslı tədqiqatların aparılması son dərəcə vacibdir.
“Müasir dövrdə ölkəmizdə süni intellektin inkişafı istiqamətində məqsədyönlü elmi tədqiqatlar aparılır. Lakin qlobal texnoloji çağırışlar və transformasiyalar süni intellekt məsələlərinə diqqətin daha da artırılmasını zəruri edir. Bu məruzəni ölkədə süni intellekt məsələlərinə ilk sistemli baxış kimi qiymətləndirmək olar”, – deyə akademik fikrini tamamlayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.