İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin elmi seminarında magistr dissertasiya işlərinin müzakirəsi keçirilib.
Öncə magistrant Kəmalə Salayeva “Elektron dövlət mühitində emosional faktorlardan istifadə etməklə vətəndaşın davranışının qiymətləndirilməsi” mövzusunda dissertasiya işini təqdim edib. O, giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan tədqiqat işinin məqsədinin e-dövlət mühitində vətəndaşlar tərəfindən müraciətlərdə və şərhlərdə toplanan emosional faktorlardan istifadə etməklə vətəndaşın davranışının qiymətləndirilməsi olduğunu diqqətə çatdırıb.
“İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə insanlar, insanlarla dövlət orqanları arasında əlaqələrin xüsusiyyətləri dəyişməkdə, yeni əlaqə formaları (mobil əlaqələr, sosial media vasitələri və s.) yaranmaqdadır. E-dövlət mühiti genişləndikcə dövlət orqanlarını təmsil edən veb-saytlarda və sosial media resurslarında aktiv istifadəçilərin sayı da artmaqda davam edir. Onların müraciətlərini, informasiya mübadiləsini emosiyalar olmadan təsəvvür etmək mümkün deyil. E-dövlət mühitində insanların davranışlarını emosional faktorlara görə qiymətləndirməklə cəmiyyətdə baş verən müxtəlif sosial və iqtisadi prosesləri öyrənmək, problemlərin səmərəli həlli yollarını tapmaq mümkündür”, – deyə bildirən məruzəçi tədqiqat işinin aktuallığından bəhs edib.
K.Salayeva dissertasiya işi çərçivəsində e-dövlətin mahiyyəti və formalaşmasında vətəndaşın rolunun analiz olunduğunu, e-dövlət mühitində insan davranışının təhlili üzrə beynəlxalq təcrübə və yanaşmaların araşdırıldığını, e-dövlətin formalaşması və inkişafında mövcud problemlərin müəyyənləşdirildiyini söyləyib. Bildirib ki, e-dövlət mühitində insan davranışının analizi məsələlərində sentiment analiz metodlarından istifadənin perspektivləri müəyyənləşdirilmiş, e-dövlət mühitində şərh və müraciətlərin tonallığının analizinin ümumi struktur sxemi işlənmiş, şərh və müraciətlər əsasında vətəndaşların maraq dairəsinin müəyyən olunması üçün metod təklif olunmuş, elektron sənədlərdə mətnin semantik tonallığı əsasında vətəndaşın davranışının qiymətləndirilməsi üçün metod işlənmişdir.
Sonra magistrant Fərid Alışanov “E-dövlətin idarə olunmasının qabaqcıl modellərinin tədqiqi” adlı dissertasiya işinin strukturu, mövzunun aktuallığı və qarşıya qoyulmuş məsələlər haqqında məlumat verib. Dissertasiya işinin giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu, elmi-tədqiqat işi çərçivəsində məqalələrin hazırlandığını bildirib. Qeyd edib ki, tədqiqat işinin məqsədi e-dövlətin idarə olunmasının qabaqcıl modellərinin müqayisəli analizi və qiymətləndirilməsidir.
Tədqiqat mövzusunun aktuallığından bəhs edən məruzəçinin sözlərinə görə, e-dövlətin insanlara dövlət xidmətlərinin daha yaxşı çatdırılması, iş və sənaye əməkdaşlığının genişləndirilməsi, məlumat əldə etmək yolu ilə vətəndaşların səlahiyyətlərinin artırılması və daha effektiv idarəetmə modelləri daxil olmaqla, geniş hədəfləri vardır. Nəticədə e-dövlətin üstünlükləri şəffaflıq və rahatlığın təmin edilməsi, korrupsiya hallarının, maliyyə itkilərinin azaldılmasıdır. Bu səbəbdən dünyanın bütün dövlətləri e-dövlət konsepsiyasından istifadə etməkdə maraqlıdırlar. E-dövlət platformaları yarandıqca paralel olaraq, müxtəlif e-dövlət idarəetmə modelləri meydana gəlmiş və müəyyən inkişaf yolu keçmişdir. Bu baxımdan e-dövlətin idarə olunmasının qabaqcıl modellərinin tədqiqi son dərəcə vacibdir.
F.Alışanov dissertasiya işi çəçivəsində e-dövlət sahəsində beynəlxalq təcrübənin araşdırıldığını və e-dövlətin əsas inkişaf tendensiyalarının müəyyənləşdirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, e-dövlətin təkmil modelləri tədqiq olunaraq, müqayisəli analiz aparılmış, e-dövlət modellərinin qiymətləndirilməsinə dair yanaşmalar təhlil olunmuş və meyarlar müəyyənləşdirilmişdir. Çoxmeyarlı qiymətləndirmə metodu əsasında e-dövlət modelləri empirik qiymətləndirilmişdir.
Dissertasiya işləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Daha sonra şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova və digərləri aparılan müzakirələrdə iştirak edərək, dissertasiya işlərinə dair irad və tövsiyələrini səsləndiriblər.
Sonda hər iki magistr dissertasiyasının irad və təkliflər nəzərə alınmaqla, növbəti mərhələyə təqdim olunması tövsiyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.