Ulu Öndərin islahatlar yolu ilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ 1969-cu ildən onun respublikamıza rəhbərliyi ilə başlanan böyük tarixi missiyasının əsas istiqamətlərindən idi. Azərbaycanın siyasi lideri Heydər Əliyev ölkə iqtisadiyyatının milli regional xüsusiyyətlərinə, ölkənin tarixi formalaşma və inkişaf mərhələlərinə dərindən bələd idi. O, neft və qeyri-neft sənayesinin, kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırır, yüksəkixtisaslı kadr potensialının formalaşmasına, təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsinə, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqinə çalışırdı. Məhz Ümumilli Liderin səyləri və gərgin əməyi nəticəsində Azərbaycan onun hakimiyyətinin birinci mərhələsində (1969-1982-ci illər) respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olmuş, ölkənin idarəetmə və texnoloji proseslərində hesablama texnikasının və avtomatlaşdırma vasitələrinin tətbiqi səviyyəsi yüksəldilmiş, bir çox elmi-texnoloji sahələrin formalaşması prosesi başlamışdır.
Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev “Azərbaycanın Heydər Əliyev iqtisadi modelinin Sənaye 4.0 platformasında inkişaf perspektivləri” mövzusuna həsr olunmuş elmi seminarda məlumat verib.
O, nitqinə Ümumilli Liderin dəyərli fikirlərini xatırladaraq başlayıb: “Azərbaycanın iqtisadı inkişafı ilk növbədə yüksək texnologiyalara və innovasiyalara əsaslanmalıdır. İnanıram ki, Azərbaycan bu yolda böyük nailiyyətlər qazanacaqdır”. Sonra Azərbaycanın Heydər Əliyev iqtisadi modelinin xüsusiyyətləri və formalaşma mərhələləri, Heydər Əliyev iqtisadi modelinin Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsi, eləcə də Heydər Əliyev iqtisadi modelində texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşmasında İKT-nin tətbiqi problemləri, perspektiv vəzifələri və s. haqqında danışıb.
Cənab Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev ili” elan olunmasının xüsusi anlam daşıdığını, Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi və onun çoxtərəfli fəaliyyətinin müxtəlif aspektlərdən tədqiqi baxımından milli-mənəvi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Onun sözlərinə görə, neft strategiyası hesabına ölkə iqtisadiyyatını dirçəltməyi qarşısına məqsəd qoymuş Heydər Əliyev ölkənin iqtisadi və siyasi gücünün artırılmasına, müstəqillik aktının əbədiyyət qazanmasına nail olmuşdur: “Bu gün Heydər Əliyev iqtisadi modeli Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Ölkədə İKT-nin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi, neft gəlirlərinin intellektual mülkiyyətə, insan kapitalının inkişafına yönəldilməsi, qeyri-neft sektorlarının inkişaf etdirilməsi, eləcə də strateji yol xəritələrinin hazırlanması, dövlət proqramlarının qəbul olunması istiqamətində kompleks tədbirlər görülür”.
Sonra Heydər Əliyev iqtisadi modelində ənənəvi sahələrin və yeni sektorların inkişaf etdirilməsindən bəhs edən alim bildirib ki, iqtisadiyyatın səmərəlilik əsaslı modeldən innovasiya əsaslı modelə keçidinin həyata keçirilməsi üçün institusional mexanizmlər təkmilləşdirilmiş, yeni iş yerləri formalaşdırılmışdır. Ölkədə mobil sistemlər və texnologiyalar, Big Data, bulud, Əşyaların İnterneti, kiber-fiziki sistemlər, süni intellekt texnologiyaları və s. kimi texnoloji innovasiya iqtisadiyyatı sektorları da inkişaf etdirilir.
O, Heydər Əliyev iqtisadi modelində texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşmasında İKT-nin tətbiqi problemləri və perspektiv vəzifələri haqqında da danışıb. Qeyd edib ki, informasiya texnologiyalarının inkişafı üzrə müvafiq dövlət proqramlarında ölkə iqtisadiyyatının rəqəmsallaşdırılması üçün İKT infrastrukturu sürətlə inkişaf etdirilir, informasiya və biliklərə əsaslanan rəqəmsal iqtisadiyyat qurulur, informasiya və bilik bazarı yaradılır, güclü İKT infrastrukturu və vahid milli elektron informasiya məkanı formalaşdırılır.
Məruzəçinin sözlərinə görə, innovasiyaya və biliklərə əsaslanan cəmiyyətin qurulması, yüksək texnologiyalar parklarının yaradılması, elektron informasiya resurslarının inkişaf etdirilməsi, bank, maliyyə, ticarət, təhsil, sosial-iqtisadi və s. sahələrdə elektron xidmətlərin daha geniş tətbiqi, müasir qrid, bulud, Big Data texnologiyaları, süni intellekt, robotlaşdırma, intellektual idarəetmə sistemləri, sosial şəbəkə texnologiyalarının tətbiqləri və s. innovativ informasiya iqtisadiyyatının əsas inkişaf istiqamətlərinə aiddir.
Alim diqqətə çatdırıb ki, Heydər Əliyev iqtisadi modelinin elmi-nəzəri əsaslarının dərindən öyrənilməsi, elmi-texnoloji innovasiya siyasətinin formalaşdırılması və tətbiqi mühüm məsələlərdəndir. Burada əhalinin sosial rifah halının yaxşılaşdırılmasının ən yüksək həddə çatdırılmasını təmin edən yüksək texnoloji inkişafa və iqtisadiyyatın optimal strukturuna əsaslanan güclü rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması nəzərdə tutulur.
“Azərbaycanın Heydər Əliyev iqtisadi modelində nəzərdə tutulan İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorları inkişaf etdikcə mobil idarəetmə, mobil bulud, mobil hökumət, mobil nəqliyyat vasitələri və s. kimi sahələrin də inkişafına yeni imkanlar yaranacaqdır. İKT əsaslı Heydər Əliyev iqtisadi modelində yeni texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşma istiqamətlərində Sənaye 4.0 komponetlərinin inkişafının innovasiya iqtisadiyyatına verəcəyi töhfələrin əhəmiyyətliliyi və hazırkı dövr üçün keçid tələblərinin nəzərə alınması zəruri məsələlərdəndir”, – deyə Ə.Əliyev diqqətə çatdırıb.
Məruzənin sonunda Ə.Əliyev bildirib ki, Azərbaycanın H.Əliyev iqtisadi modeli dinamik inkişafda olan, dünya iqtisadi sistemi ilə inteqrasiya olunan mütərəqqi bir iqtisadi model kimi daha dərindən tədqiq olunmalı, onun prinsipləri, müddəaları, spesifikası müntəzəm olaraq araşdırılmalı və təkmilləşdirilməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.