“IP Multimedia Alt Sistemi” telekommunikasiya şəbəkələrində xidmətlərin paylanmasını dəstəkləyən arxitekturadır

23 Aprel 2023 - 09:50 | Konfranslar, İclaslar
“IP Multimedia Alt Sistemi” telekommunikasiya şəbəkələrində xidmətlərin paylanmasını dəstəkləyən arxitekturadır

IMS “IP Multimedia Alt Sistemi” telekommunikasiya şəbəkələrində xidmətlərin paylanmasını, eləcə də idarə edilməsini dəstəkləyən arxitekturadır. IMS IP əsaslı şəbəkələrdə səs, video, mesajlaşma və məlumat xidmətlərini çatdırmaq üçün nəzərdə tutulub. Sistemin məqsədi xidmət təminatçılarını daha səmərəli şəbəkə idarəetməsi və daha yaxşı xidmət ilə təmin etməkdən ibarətdir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin “IMS (İp Multimedia Subsystem) texnologiyası” mövzusuna həsr olunmuş elmi seminarında məlumat verilib.

Şöbənin əməkdaşı Sahib Əliyev məruzəni təqdim edərək bildirib ki, IMS xidmət təminatçılarına IP əsaslı xidmətlər təklif etməyə kömək edir və xidmətlərin effektiv idarə olunmasını təmin edir. Onun əsas komponentlərinə istifadəçi autentifikasiyası, sessiyaya nəzarət, xidmətin çatdırılması və tətbiqin idarə edilməsi daxildir.

Sonra IMS-nin müsbət və mənfi cəhətləri haqqında söhbət açan məruzəçi bu texnologiyaların ənənəvi telekommunikasiya şəbəkələrinin mövcud çatışmazlıqlarını aradan qaldırmaq üçün hazırlandığını, eyni şəbəkədə müxtəlif xidmətləri birləşdirərək daha yaxşı inteqrasiya təmin etdiyini, xidmətlərin çatdırılmasını asanlaşdırdığını və çevikliyi artırdığını qeyd edib: “IMS yeni texnologiyaya əsaslandığı üçün onun tətbiqinin bəzi texniki problemlərə səbəb olması, standartlaşdırma və uyğunluq, eləcə də təhlükəsizlik məsələləri bu texnologiyanın mənfi cəhətlərinə aiddir”.

Sistemin təhlükəsizliyi haqqında danışan məruzəçi bildirib ki, IMS istifadəçi autentifikasiyası, girişə nəzarət, trafikin şifrələnməsi və digər təhlükəsizlik tədbirləri ilə işləyir. Bu tədbirlər IMS şəbəkələrində məlumatların məxfiliyini, bütövlüyünü və əlçatanlığını qorumaq üçün nəzərdə tutulub.

Daha sonra S.Əliyev sistemin təhlükəsizlik məsələləri barədə söhbət açaraq bildirib ki, IMS şəbəkələrində təhlükəsizlik təhdidlərinə təcavüzkarlar tərəfindən şəbəkəyə icazəsiz daxil olmaq, IMS şəbəkələrini zərərli proqramlarla yoluxdurmaq, IMS protokolunun zəiflikləri kimi risklər daxildir. IMS bu cür təhlükələrdən qorunmaq üçün müntəzəm təhlükəsizlik yoxlamaları, protokol yeniləmələri, autentifikasiya və avtorizasiya sistemləri kimi tədbirlər həyata keçirməlidir. Onun istifadə sahələrinə IMS audio və video, mobil, multimedia, biznes, təcili yardım və s. xidmətlər daxildir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.