Azərbaycanda informatika elminin yaranması və onun inkişaf tarixi ilə bağlı tədqiqatlar aparılır

09 Aprel 2023 - 11:15 | Konfranslar, İclaslar
Azərbaycanda informatika elminin yaranması və onun inkişaf tarixi ilə bağlı tədqiqatlar aparılır

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Azərbaycanda informatika elmi və onun inkişaf istiqamətləri” mövzusunda aparılan araşdırmaların nəticəsi təqdim olunub. Məruzəni institutun baş mütəxəssisi Gülnar Paşayeva təqdim edərək əvvəlcə informatika və kibernetika elminin yaranma tarixi barədə məlumat verib, həmçinin informatika elminə dair bəzi yanaşmaları diqqətə çatdırıb.

“Cəmiyyətin informasiyalaşdırılması və kompüterləşdirilməsi informatika elminin əsas tədqiqat obyektidir”, deyən məruzəçi əlavə edib ki, bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimal nəzəriyyəsi, riyazi statistika, riyazi məntiq, əməliyyatlar sistemi, nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və s. təşkil edir.

O, informatikanın inkişaf istiqamətləri, dünyada bu elm sahəsində tanınmış alimlər, müxtəlif ölkələrdə informatikanın yaranması və inkişafı ilə məlumatları diqqətə çatdırıb.

Sonra Azərbaycanda informatikanın yaranma tarixindən bəhs edən tədqiqatçı sovet dövründə informatika sahəsində kadr hazırlayan təhsil müəssisələri, həmin illərdə aparılan elmi tədqiqatların əsas istiqamətləri, ölkəmizdə informatikanın təşəkkülü və inkişafı ilə bağlı həm Sovet, həm də müstəqillik dövründə atılmış addımlardan danışıb.

G.Paşayeva ölkəmizdə elektron hesablama maşınlarından istifadə üzrə ilk tədqiqatlara 1952-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının (AzSSR EA) Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanıldığını deyib. Qeyd edib ki, 1958-ci ildə Sovet respublikalarında rəqəmsal hesablayıcı maşınlar istifadəyə verilmişdir. 1959-cu ildə Azərbaycana ilk dəfə olaraq “Ural-1” maşınları gətirilmiş, 1960-cı ildə isə istismara verilmişdir.

O, müstəqillik dövründə Azərbaycanda İKT-nin inkişaf mərhələləri barədə məlumat verərək 1991-1994-cü illərdə respublikada ilk dəfə olaraq e-poçt xidmətinin və beynəlxalq kompüter şəbəkəsinin Azərbaycanda qovşaqları yaradıldığını və istifadəyə verildiyini, 1991-ci ildə ilk dəfə İnformasiya Texnologiyaları İnstitutunda İnternetə çıxışın həyata keçirildiyini, 1995-ci ildə ilk veb-saytın yaradıldığını nəzərə çatdırıb.

Azərbaycanda İKT-nin inkişafı istiqamətində görülən işlərdən, eləcə də bu sahədə müstəqillik dövründə qəbul edilmiş qanunlar və dövlət proqramlarından danışıb. Bildirib ki, 2003-cü ildə İKT üzrə Milli Strategiya qəbul olunmuş, 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. 2005-ci ildə “Elektron Azərbaycan” Dövlət proqramının işlənilməsi, 2008-2013-cü illərdə Kosmosa Azərbaycanın süni peykinin buraxılması, 2013-cü ilin Azərbaycanda “İKT ili” elan edilməsi və bu il çərçivəsində həyata keçirilmiş tədbirlər İKT sahəsininn inkişafına, müvafiq sahədə mühüm nailiyyətlərin əldə olunmasına, yeni inkişaf perspektivlərinin meydana gəlməsinə gətirib çıxarmışdır.   

İnformatika sahəsində tanınmış Azərbaycan alimləri haqqında məlumat verən məruzəçi akademiklər Əşrəf Hüseynov, İsmayıl İbrahimov, Tofiq İsmayılov, Telman Əliyev və digər tanınmış alimlərin elmi fəaliyyəti və onların informatika elminin inkişafındakı rolu haqqında danışıb.

Tədqiqatçı sonda ölkəmizdə fəaliyyət göstərən İKT qurumları, bu sahə üzrə keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər, nəşr olunan kitablar və s. haqqında ətraflı məlumat verib.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.