Tibdə rəqəmsal əkiz texnologiyalarının tətbiqi perspektivləri araşdırılır

04 Aprel 2023 - 10:32 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib.

Şöbənin əməkdaşı Aytən Əhmədova “Tibdə rəqəmsal əkiz texnologiyaları” mövzusuna həsr olunmuş məruzə ilə çıxış edib. O, rəqəmsal əkiz texnologiyaları, onun imkanları, səhiyyə sahəsində tətbiqi və effektiv təsirləri haqqında ətraflı məlumat verib. Bildirib ki, rəqəmsal əkiz canlı və ya cansız fiziki obyektlərin rəqəmsal surəti olaraq, müəyyən seçimlərin, həllərin tətbiqinin təsirlərini test etməyə və proqnozlaşdırmağa, həmçinin əldə olunmuş nəticələri asanlıqla vizuallaşdırmağa imkan verir. Rəqəmsal əkiz və onun real həyatdakı qarşılığı arasında fasiləsiz və etibarlı məlumat axınını təmin edən əlaqə tələb olunur.

Məruzəçi rəqəmsal əkiz ekosistemini təşkil edən rəqəmsal əkiz prototipi, nümunəsi və aqreqatı kimi komponentlər barədə məlumatı diqqətə çatdırıb. Səhiyyənin rəqəmsal əkizin inqilabi təsir göstərə biləcəyi sahələrdən biri olduğunu bildirib. Qeyd edib ki, rəqəmsal əkiz təmsil etdiyi fiziki obyektin və ya prosesin rəqəmsal surəti kimi çıxış edərək, məkandan asılı olmadan real vaxt rejimində prosesi monitorinq etməyə və qiymətləndirməyə imkan verir.

Səhiyyə seqmentində rəqəmsal əkiz texnologiyalarının tətbiqi prosesində maraqlı tərəflər haqqında danışan tədqiqatçının sözlərinə görə, xəstə haqqında – genetik məlumatlar, laboratoriya nəticələri, tibbi təsvirlər, biotibbi siqnallar, fərdi məlumatlar, sosial determinantları, xəstəxananın fəaliyyəti barədə – tibbi resurslar, insan resursları, xəstəxanadaxili əməliyyat məlumatlarını, tibbi qurğulardan və digər fiziki obyektlərdən müəyyən məlumatları toplamaqla onların virtual rəqəmsal əkizini yaratmaq olar. Bundan əlavə, insan bədəninin müəyyən üzvlərinin, orqanlarının rəqəmsal əkizlərini də yaratmaq mümkündür.

A.Əhmədova tədqiqat işində təklif edilmiş tibbi rəqəmsal əkizin ümumi arxitekturundan bəhs edib. Bildirib ki, rəqəmsal əkizin arxitekturu fiziki obyekt, virtual obyekt və onlar arasındakı əlaqəni təmin edən texnologiyalardan ibarətdir. Tibbi rəqəmsal əkizin müvafiq fiziki obyektlərindən 4G/5G, Əşyaların İnterneti, süni intellekt texnologiyaları vasitəsilə mütəmadi toplanan sensor məlumatların həcmi artdıqca rəqəmsal əkiz də inkişaf edir və daha “ağıllı” qərarların qəbulunu təmin edir. O, fərdiləşdirilmiş tibbin formalaşmasında rəqəmsal əkiz texnologiyalarının tətbiqinin müsbət rola malik olduğunu da əlavə edib.

Tədqiqatçı qeyd edib ki, səhiyyədə rəqəmsal əkiz texnologiyalarından istifadənin bir sıra mənfi tərəfləri də vardır. Buraya həssas, fərdi məlumatların paylaşılması, verilənlərin keyfiyyətsizliyi, müvafiq texnologiyalardan istifadənin çətinlikləri, ətraf mühit riskləri, texnoloji risklər və s. daxildir.

“Rəqəmsal əkiz texnologiyaları vasitəsilə müxtəlif mənbələrdən toplanmış verilənlərdən tam istifadə etməklə, tibbi xidmətlərin vəziyyətinin fasiləsiz monitorinqi və qiymətləndirilməsini, qərarların qəbul edilməsini və onların həyata keçirilməsini tam avtomatlaşdırmağa əlverişli zəmin yaranır”, – deyə məruzəçi fikrini tamamlayıb.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova çıxış edərək, tibdə rəqəmsal əkiz texnologiyalarının tətbiqi ilə bağlı aparılan araşdırmaların dərinləşdirilməsinin, müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.