İnformasiya Texnologiyaları İnstitutunda cari ildə rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində rəqəmsal tibbin formalaşması və intellektuallaşdırılması problemləri üzrə elmi tədqiqatlar davam etdiriləcək.
İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova 11 saylı şöbənin 2023-cü il üçün fəaliyyət planının müzakirəsi zamanı bu barədə məlumat verib.
Alim “Səhiyyə 4.0 mühitində məkan üzrə əhalinin sağlamlığı və demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi”, “Səhiyyə 4.0 və e-dövlət platformasında vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi”, “Qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi”, “Tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu məsələləri” mövzularında aparılan elmi-tədqiqat işlərinin davam etdiriləcəyini bildirib.
Şöbə rəhbərinin sözlərinə görə, cari ildə şöbədə IoT əsaslı paylanmış tibbi monitorinq sistemində sağlamlığın idarə olunması qərarlarının qəbulu, vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının konseptual modelinin işlənməsi, hepatosellular karsinomanın diaqnostikası sisteminin məntiqi nəticə çıxarış blokunun işlənməsi və sınaqdan keçirilməsi, maşın təlimi metodlarının tətbiqi ilə tibbi sosial mediada aktorlar arasında münasibətlərin sentiment analizi ilə bağlı araşdırmaların aparılması nəzərdə tutulur.
Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT Assosiasiyası, Meksika Milli Avtonom Universiteti və Türkiyənin Çanakkale Onsekiz Mart Universiteti ilə əməkdaşlıq münasibətlərinin davam etdiriləcəyini nəzərə çatdırıb. Avropa Komissiyası və Avropa Təhsil Fondunun təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən konfrans və seminarlarda iştirak ediləcəyini söyləyib.
M.Məmmədova şöbənin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında məlumatı da diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, fəaliyyət planına dair fikirlərini bölüşüb. Alim ölkədə rəqəmsal platformada əhalinin sağlamlığı observatoriyasının yaradılmasının elmi-nəzəri problemlərinin araşdırılması, tibb üzrə Data Science və s. kimi aktual məsələlərə diqqət ayrılmasının önəmini qeyd edib.
Akademik şöbədə rəqəmsal tibbin formalaşması və intellektuallaşdırılması problemlərinin həlli istiqamətində aparılan elmi tədqiqatlara gənc mütəxəssislərin cəlb edilməsi ilə bağlı təklif və tövsiyələrini də səsləndirib.
Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.