İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin 2023-cü il üzrə fəaliyyət planı ətrafında müzakirələr aparılıb.
Planı şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev təqdim edərək rəhbərlik etdiyi struktur bölmənin cari il üzrə elmi-tədqiqat və digər istiqamətlərdə fəaliyyəti barədə danışıb.
Öncə şöbənin elmi-nəzəri fəaliyyəti haqqında məlumat verən B.Ağayev bildirib ki, cari ildə rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə bir sıra mövzularda elmi-nəzəri və elmi-texniki tədqiqatların aparılması planlaşdırılır. Vurğulayıb ki, bu problem üzrə “Sənaye 4.0 platformasında İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemlərinin həlli”, “Azərbaycanda elektron tullantıların idarəçiliyi konsepsiyasının işlənməsi”, “Akustik küy çirklənməsi və onların sağlamlığa ziyanlı təsiri xüsusiyyətlərinin analizi” mövzularında tədqiqatların aparılması nəzərdə tutulub.
O, qeyd edib ki, şöbədə, həmçinin müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə araşdırmalar aparılacaq: “Bu istiqamətdə “Neft-qaz kompleksinin mövcud texnoloji problemlərinin İKT platformasında innovativ texnologiyalar əsasında həlli yolları”, “SOCAR-ın neft quyularında qəza və mürəkkəbləşmələrə qarşı istifadə edilən metod və texnologiyalara tənqidi yanaşma”, eləcə də “SOCAR-ın neft-qaz quyularında anomal təzyiqləri operativ proqnozlaşdırma texnologiyalarının tətbiqi” mövzularında araşdırmaların aparılması da cari il üzrə fəaliyyət planına daxildir”.
Sonra B.Ağayev söyləyib ki, 2023-cü il ərzində respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda 9 məqalənin nəşri nəzərdə tutulub.
Daha sonra o, şöbə əməkdaşlarının elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.
Fəaliyyət planına dair ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik planı üzrə bir sıra irad, təklif və tövsiyələrini səsləndirib. Alim şöbədə Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.