Akademik Rasim Əliquliyev: “Postkonflikt vəziyyətlərdə yaranan problemlərin həlli Azərbaycan alimlərinin qarşısında duran prioritet vəzifələrdəndir”

07 Mart 2023 - 10:37 | Müsahibələr, çıxışlar

Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa problemlərinin həllinə müstəqil Azərbaycan dövlətinin maraqları kontekstində yanaşılması, beynəlxalq aləmdə mövcud konfliktoloji məsələlərdə də ölkəmizin strateji maraqlarının təmin olunması son dərəcə vacibdir. Azərbaycan alimləri işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində problemlərin həlli üçün bütün imkanlarını səfərbər etməli, ölkənin sosial-iqtisadi, mənəvi, mədəni həyatında yaxından iştirak edərək alim və vətəndaşlıq borcunu məsuliyyətlə yerinə yetirməlidirlər.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə keçirilən “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” III beynəlxalq elmi konfransının açılış mərasimində çıxışı zamanı bu fikirləri səsləndirib.

Akademik Rasim Əliquliyev postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa problemlərinə həsr olunmuş konfransın əhəmiyyətindən söz açaraq, belə bir mötəbər tədbirin beynəlxalq səviyyədə keçirilməsinin təqdirəlayiq hal olduğunu söyləyib. Qeyd edib ki, postkonflikt vəziyyətlərdə müxtəlif və mürəkkəb qeyri-müəyyənliklərə rast gəlinir, sosial-iqtisadi potensialın formalaşdırılmasında risklərin analiz olunması, qiymətləndirilməsi, real zamanda operativ qərarların qəbul edilməsi, çeviklik, mobillik və s. tələb olunur. Ölkədə elm, təhsil, innovasiya və yüksək texnologiya kimi strateji sahələrin inkişafı, milli potensialın gücləndirilməsi məqsədilə postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa istiqamətində elmi-nəzəri problemlərin kompleks araşdırılmasına böyük ehtiyac vardır. Bütün bu məsələlərin həm regional, həm də qlobal kontekstdə nəzərdən keçirilməsi zəruridir.

Alim bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə ekoloji və tarixi-mədəni irs nümunələrinin vəziyyətinin təhlil olunması, təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi, torpaqların minalardan təmizlənməsi üçün qabaqcıl texnologiyaların tətbiqi, “yaşıl enerji”nin istehsalı, alternativ enerji mənbələrindən istifadə, “ağıllı” yaşayış məntəqələri və infrastrukturun formalaşdırılması və s. Azərbaycan elmi qarşısında dayanan prioritet məsələlərdəndir.

AMEA-nın vitse-prezidenti 2022-ci ilin noyabr ayında AR Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın qəbul olunduğunu və bu sənədin müxtəlif dövlət orqanları, o cümlədən Azərbaycan elmi və alimləri qarşısında mühüm vəzifələr qoyduğunu bildirib. Akademik qeyd edib ki, sözügedən Dövlət Proqramının hər bir müddəasında əks olunan problemlərin həlli üçün dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, alim və mütəxəssislər, eləcə də xarici şirkətlər və investisiyalar, bir sözlə, həm daxili, həm də xarici resurslar cəlb olunmuşdur.

Akademikin sözlərinə görə, dövlət siyasətindən irəli gələn vəzifələr, eyni zamanda, konkret olaraq, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası istiqamətində mövcud olan problemlər bütün elm sahələri ilə əlaqədar olduğundan multidissiplinar xarakter daşıyır. Bu baxımdan dövlət başçısının fərman və sərəncamlarını, çağırışlarını rəhbər tutaraq, AMEA-nın, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş institut və təşkilatların bütün resursları işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və inkişafı istiqamətində mövcud problemlərin həllinə cəlb olunmuşdur.

AMEA-nın vitse-prezidenti bildirib ki, hazırda Azərbaycan dövlətinin sosial-iqtisadi maraqlarının təmin olunması, qabaqcıl texnologiyaların tətbiqi və onların yaratdığı problemlər, ölkədə IV Sənaye İnqilabının, süni intellekt texnologiyalarının gətirdiyi reallıqlar kontekstində hər bir fəaliyyət sahəsində innovativ proseslər gedir. Böyük elmi-intellektual potensiala malik olan Azərbaycan alimləri müvafiq işlərin həyata keçirilməsinə dəyərli töhfələr verirlər. Belə ki, Fizika İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, İdarəetmə Sistemləri İnstitutu və digər qurumlar dövlətin elm siyasətinin reallaşdırılması üzrə bir sıra tədqiqat işləri və layihələr həyata keçirir, süni intellektə və kiber-fiziki sistemlərə əsaslanan yeni texnologiyalar təklif edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.