Müasir dövrdə yeni texnologiyaların və kütləvi informasiya vasitələrinin sürətli inkişafı yerli dillərə və dialektlərə böyük təsir göstərərək onları məhv olmaq təhlükəsi qarşısında qoyur. Bu baxımdan dialektoloji tədqiqatlar aparmaq, dil növləri və variasiyalarını qeyd etməklə, yerli dillərin və dialektlərin qorunmasına kömək etmək son dərəcə vacibdir.
Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Əfruz Qurbanova institutun 12 saylı şöbəsinin növbəti elmi seminarında “Dialektometriya və Azərbaycan dili: problemlər, həlli yolları və perspektivlər” mövzusuna dair aparılan müzakirələr zamanı bildirib.
Məruzəçi dialektlərin dilimizin ən qədim xüsusiyyətlərini qoruyub saxlamaq qabiliyyətinə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, dialekt müəyyən ərazi, icma və ya qrup üçün xarakterik, əksər hallarda lüğət, üslub, orfoqrafiya və tələffüzdə nisbətən kiçik fərqlərə malik olan dildir. Dialektologiya dilçiliyin bir qolu olub, dilin istifadəsi və səslənməsinin coğrafi əsaslı xüsusiyyətlərini öyrənən elmdir.
Onun sözlərinə görə, AR Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının icrasına dair Tədbirlər Planının “Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi” bəndinə əsasən, hazırkı dövrdə Azərbaycan dili dialektlərinin dövrün tələbləri və müasir dilçiliyin nailiyyətləri səviyyəsində tədqiqi mühüm vəzifə kimi qarşıya qoyulub. Proqramın icrası istiqamətində “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” və “Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğəti” kitabları, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”, “Azərbaycan dilinin Qarabağ şivələri” monoqrafiyası və “Azərbaycan dilinin Qarabağ dialektoloji lüğəti” çap olunub.
Ə.Qurbanova Azərbaycan dilinin dialekt və şivələrinin coğrafi ərazi prinsipi üzrə bölgüsü, dialektlərin öyrənilməsində istifadə olunan təsviri və birbaşa müşahidə üsulları, dialektlərin ən böyük tədqiq sahələri – dialekt leksikoqrafiyası və linqvistik coğrafiya, dilin dialektlərinin linqvocoğrafi üsulla sistemli şəkildə öyrənilməsi tarixi və dialekt xəritələri toplusu olan dialektoloji atlaslar barədə məlumat verib.
XX əsrin ikinci yarısında çox sayda dialektoloji materialın toplanması və kompüter texnologiyasının inkişafının dialektlərin öyrənilməsinə yeni yanaşmanın – dialektometriyanın yaranmasına səbəb olduğunu söyləyən tədqiqatçı bu elm sahəsinin statistik metodların istifadəsi ilə dil variasiyalarını öyrəndiyini bildirib. Qeyd edib ki, dialektometriya linqvistik coğrafiya metoduna bir əlavə kimidir, çünki ənənəvi şəkildə toplanmış atlas məlumatları statistik emal olunur. Dialektometrik metodlar dialektoloqlara dialekt fərqlərini kəmiyyətcə qiymətləndirməyə və bunun əsasında dil dəyişikliyini ölçməyə imkan verir. Daha gənc sahə olan korpus dialektometriyasında isə statistik metodlar dialekt xəritələrinə deyil, korpus məlumatlarına tətbiq edilir.
“Son zamanlar coğrafi xəritələrin dialekt sahələrinə bölünməsi üçün dialektlərin müqayisəsi və təsnifatı məqsədilə hesablama metodlarının işlənib hazırlanmasına maraq yaranmışdır. Dialektlər arasında tələffüz fərqlərini hesablamaq üçün müxtəlif linqvistik tədqiqatlar aparılmışdır. Bu məqsədlə Levenşteyn məsafəsi, Evklid məsafəsi və Manhetten məsafəsi kimi müxtəlif simli məsafələrdən istifadə olunmuşdur”, – deyə bildirən məruzəçi çoxölçülü miqyaslama metodu, klaster analiz alqoritmləri barədə danışıb, Salzburq dialektometriya məktəbinin istifadə etdiyi dialektometrik metodların axın sxemini təqdim edib. Dialekt məlumatlarını müqayisə və statistik təhlil etməyə imkan verən “Gabmap” dialektometriya və kartoqrafiya üçün veb-proqram haqqında məlumatı da diqqətə çatdırıb.
Ə.Qurbanova “Azərbaycan dilinin dialektoloji atlası”nın məlumatlarının verilənlər bazasına daxil edilməsinin zəruriliyini vurğulayıb. Bunun atlasda olan məlumatları çoxsaylı istifadəçilər üçün əlçatan edəcəyini, məlumatın operativ axtarışına, izoqlosların çəkilməsinə və verilmiş xassələrə malik dialektlərin tapılmasına imkan verəcəyini söyləyib. Bildirib ki, verilənlər bazasına daxil edilən məlumatlar əsasında dialektoloji məlumatların təhlili üçün müasir vasitələrdən, o cümlədən riyazi metodlardan, xüsusən də dialektometriya üzrə tədqiqatlarda geniş istifadə olunan alqoritmlərdən – klaster analizi və çoxölçülü miqyaslamadan istifadə etmək mümkün olacaq. Verilənlər bazalarına toplanan məlumatların veb-saytda yerləşdirilməsi Azərbaycan dilinin dialektlərinin daha dərindən öyrənilməsi, təsnifatı və təkamülü üçün texnoloji əsas yaradacaq.
Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, məruzəçi çoxsaylı sualları cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.