Jurnalistikada mətnlərin intellektual linqvistik təminatı problemləri ilə bağlı tədqiqatlar aparılıb

23 Fevral 2023 - 11:19 | Konfranslar, İclaslar
Jurnalistikada mətnlərin intellektual linqvistik təminatı problemləri ilə bağlı tədqiqatlar aparılıb

İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin növbəti onlayn elmi seminarında “Jurnalistikada mətnlərin intellektual linqvistik təminatı problemləri” mövzusunda müzakirələr aparılıb.

Məruzəyə dair çıxış edən institutun baş mütəxəssisi Sünbül Zalova öncə linqvistik təminat vasitələri haqqında məlumat verib. Bildirib ki, təbii dilin emalı vasitələri mətn sənədlərindəki və sorğulardakı termləri təhlil edib onların məzmununu aydınlaşdırır, termlər arasındakı münasibətləri aşkarlayır və səmərəli axtarışı təmin edir: “Bu məqsədlə linqvistik təminat vasitələri kompleksindən istifadə edilir. Bu kompleksə müxtəlif  lüğətlər, tezauruslar, sistemin predmet sahəsinin ontoloji xüsusiyyətlərini əks etdirən materiallar daxildir”.

O, qeyd edib ki, sistem lüğətləri mətnin morfoloji təhlilinə və axtarış zamanı müxtəlif qrammatik formalardakı sözləri tanımağa imkan verir, tezauruslar isə dilin əsas anlayışlarını özündə əks etdirən lüğətlərdir. Təbii dildə təqdim edilmiş mətn sənədlərinin və axtarış sorğularının adekvat anlaşılması üçün sistem predmet sahəsinin əsas anlayışlarını və onların arasındakı müxtəlif semantik əlaqələri təyin edən vasitə isə ontoloji materiallardır.

Maşın tərcüməsi, avtomatik referatlaşma, eləcə də mətnin mövzuya uyğun təsnifatlaşdırılmasının süni intellektin jurnalistika sahəsində yaratdığı yeni imkanlardan olduğunu söyləyən S.Zalova süni intellektin jurnalistikaya verdiyi töhfələrdən də danışıb. Qeyd edib ki, bunlara mətnlərin oxunabilirliyinin və mürəkkəblik səviyyəsinin qiymətləndirilməsi, mətnlərdə istifadə olunan terminlərin müqayisəli analizi, vulqar sözlərin, plagiatlığın aşkarlanması, maşın tərcüməsi, avtomatik referatlaşdırma, yazı üslubunu analiz etməklə müəllifin müəyyənləşdirilməsi və s. aiddir.

Məruzəçi həmçinin İKT-nin köməyilə mətnləri daha anlaşıqlı formada təqdim etməyin mümkün olduğunu diqqətə çatdırıb, müasir texnologiyaların tətbiqi ilə jurnalistikada yazı işlərinin keyfiyyətinin artırıla biləcəyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.