İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin elmi seminarında “İnternet mühitində azərbaycandilli reklam resurslarının formalaşması xüsusiyyətləri” mövzusunda müzakirələr aparılıb.
Məruzəni təqdim edən institutun baş mütəxəssisi Kəmalə Haşımova bildirib ki, reklam latın dilində “reclamare” sözündən olub, qışqırmaqla məlumat vermək mənasındadır. Reklam, eyni zamanda, istehlakçılarda maraq və həvəs oyatmaq məqsədilə əmtəələrin önəmli xüsusiyyətləri, eləcə də müxtəlif xidmət növləri haqqında informasiya deməkdir.
Sonra reklamın növlərindən bəhs edən məruzəçi onun məhsul-oriyentasiyalı, inandırıcı, imic, təbliğat, radioda, televiziyada, ictimai nəqliyyatda, stimullaşdırıcı və s. növlərinin olduğunu qeyd edib. Bildirib ki, internet reklamın isə viral, konteks, banner, spam reklamı və s. növləri var.
K.Haşımova müasir dövrdə reklamın hazırlanması üçün vacib olan tələbləri də diqqətə çatdırıb: “İstehsal olunan məhsulların digər ölkələrə ixrac olunduğunu nəzərə alaraq məhsula tələbatı artırmaq məqsədilə müxtəlif dillərdə reklam hazırlamaq lazımdır. Bununla yanaşı, reklam yerləşdirərkən istehlakçıda inam yaratmaq üçün informasiya asimmetriyasının aradan qaldırılması vacib şərtdir. Məhsul haqqında reklam hazırlanarkən asimmetriya ilə yanaşı, psixoloji təsir də böyük önəm daşıyır”.
O, bildirib ki, reklamın hansı məkanda təqdim olunmasından asılı olmayaraq, ilk növbədə ədəbi dil normaları gözlənilməli, dil mütəxəssisləri reklam şirkətləri ilə müntəzəm əlaqə qurmalıdırlar. Reklam mətnləri obrazlı, aydın, lakonik olmalı, onların strukturu, məna və üslubi keyfiyyətləri düzgün seçilməlidir.
Məruzəçi reklamla bağlı ACCA (attention, comprehension, conviction, action) və AİDA (attention, interest, desire, action) modelinin müqayisəli təhlilini də təqdim edib. Bildirib ki, AİDA modeli müştəridə maraq yaratmağa yönəlmişdirsə, ACCA modeli məhsulun faydalı və lazımlı olmasına inam yaratmağı hədəfləyir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.