İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) növbəti onlayn elmi seminarında “Azərbaycan jest dili və jestlərin avtomatik tanınması problemləri”mövzusunda məruzə dinlənilib.
TİM-in rəhbəri, tex.f.d. Rəsmiyyə Mahmudova və institutun baş mütəxəssisi Kəmalə Qurbanovanın həmmüəllif olduqları məruzəni K.Qurbanova təqdim edib.
Məruzəçi sağlamlıq vəziyyətindən, maddi təminatından, irqindən, dinindən, dilindən, yaşından və s. asılı olmayaraq cəmiyyətin hər bir üzvünün informasiya bolluğundan bəhrələnməsi üçün bərabər imkanların yaradılmasının sosial bərabərliyin əsasını təşkil etdiyini bildirib. İnformasiya texnologiyalarının tətbiqi ilə sağlamlıq imkanları məhdud şəxslərin informasiya əldə etmək imkanlarının genişləndiyini deyən K.Qurbanova bu istiqamətdə dövlət proqramlarında qarşıya qoyulan vəzifələrdən danışıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə 50 minə yaxın insanın eşitmə məhdudiyyəti olduğunu qeyd edən məruzəçi jestlərin eşitmə və nitq məhdudiyyətli insanların yeganə ünsiyyət vasitəsi olduğunu vurğulayıb.
O, jest dilinin tətbiq sahələri, informasiyanın jestlərlə ötürülməsi problemlərini öyrənən elm sahələri, informasiyanın ötürülməsi vasitələri, eləcə də jestlərin statik və dinamik növləri haqqında məlumat verib, Azərbaycan daktil əlifbasının daktilemlərini təqdim edib.
Jestlərin qeyd edilməsinin skelet, 3D tanınma, 2D tanınma və digər metodlarından bəhs edən K.Qurbanova bu metodların hər biri haqqında geniş məlumat verib. O, həmçinin Barmağın siluetinin aşkar edilməsi üçün Bustinq alqoritmi, jest dilinin elementlərinin avtomatik tərcüməsi məsələsində əlin hərəkətinin tanınması alqoritminin blok-sxemini təqdim edib. Məruzəçi aparılmış analizin nəticəsi olaraq jestlərin tanınması sahəsində təklif edilmiş metodların üstünlükləri və çatışmayan cəhətlərini müqayisəli şəkildə təhlil edib.
Jestlərin avtomatik tanınmasını reallaşdıran İKT layihələrinin əsas məqsədi aparat və proqram təminatı vasitəsilə ünsiyyətə maksimum imkan yaratmaqdır”, – deyə qeyd edən K.Qurbanova jestlərin tanınması üçün təklif edilən arxitekturanı təqdim edib. O, arxitekturada jestlərin yüksək dəqiqliklə identifikasiyasını həyata keçirmək üçün müxtəlif maşın təlimi üsullarının işlənildiyini deyib, neyron şəbəkələri əsasında yaradılmış klassifikasiya üsulunun strukturunu təqdim edib.
Məruzəçi həmçinin jest dilini avtomatik tərcümə edən məhsullar hazırlayan şirkətlərdən bəhs edib, jestlərin tanınması texnologiyalarının tətbiq oluna biləcəyi sahələrdən danışıb.
K.Qurbanova çıxışının sonunda bildirib ki, jest dilinin Azərbaycan dilində avtomatik tərcümə sistemi inklüziv təhsilə imkan yaradacaq və sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını, erkən yaşlarında cəmiyyətə adaptasiyasını təmin edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.