Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi kadr potensialının vəziyyəti ilə bağlı müzakirələr aparılıb

07 Fevral 2023 - 12:31 | Konfranslar, İclaslar

AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclasında bölmənin elmi-pedaqoji fəaliyyəti, elmi kadr potensialının vəziyyəti, elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib.

Elmi şuranın sədri hesabat ilində AR Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş FRTEB üzrə institut və təşkilatların qarşısına elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması ilə bağlı ciddi vəzifələrin qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bölmənin elmi müəssisələri dünya elminin müasir çağırışları və dövlət başçısının Azərbaycan elminin inkişafına xidmət edən sərəncamlarından irəli gələn vəzifələri rəhbər tutaraq öz fəaliyyətlərini yenidən nəzərdən keçirmiş, aktual problemlərə diqqət ayırmış, prioritet istiqamətlərdə fundamental tədqiqatlar aparmışlar.

FRTEB-də elmi kadr potensialının vəziyyətindən söz açan AMEA-nın vitse-prezidenti bildirib ki, bölmənin elmi müəssisələrində ümumilikdə 973 elmi işçi çalışır ki, onlardan 347-si fəlsəfə doktoru, 185-i elmlər doktorudur. Hesabat ilində bölmə üzrə institutlarda 22 nəfər magistratura, 29 nəfər fəlsəfə doktorluğu, 12 nəfər isə elmlər doktorluğu üzrə dissertasiya işini müdafiə edib.

Akademik R.Əliquliyev elmi kadr potensialını yaş kateqoriyaları üzrə təhlil edərək vəziyyətin heç də ürəkaçan olmadığını bildirib: “Bölmənin elmi müəssisələrində 30 yaşına qədər elmlər doktoru yoxdur, yalnız 1 fəlsəfə doktoru var. 40 yaşına qədər cəmi 4 elmlər doktoru, 64 fəlsəfə doktoru var. 185 elmlər doktorunun 94 faizinin yaşı 50-dən, 85 faizinin yaşı 60-dan, 49 faizinin yaşı isə 70-dən yuxarıdır. Bu problemi yaradan səbəblər dərindən araşdırılmalı və onların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməlidir”.

AMEA-nın vitse-prezidenti, həmçinin 2022-ci il ərzində FRTEB üzrə bütün institutlarda elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, respublikanın ali təhsil və ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq münasibətlərinin davam etdirildiyini nəzərə çatdırıb. Dövlət İmtahan Mərkəzinin müraciətlərinə, “Sabahın alimləri” müsabiqəsinə, tələbələrin elmi-tədqiqat və istehsalat təcrübəsi keçmələrinə dəstək verildiyini, dövlət imtahan komissiyalarında iştirak edildiyini, ali məktəblərin baza kafedralarının yaradılması, orta ümumtəhsil və orta ixtisas məktəbləri üçün dərsliklərin hazırlanması və ekspertizası, Elm Günü ilə əlaqədar “Açıq qapı” günlərinin təşkili, “Teknofest 2023” çərçivəsində şagirdlərin layihələrinə hamiliklə bağlı müvafiq işlərin yerinə yetirildiyini söyləyib. Alim əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, elm və təhsilin inteqrasiyasının sürətləndirilməsi, kadr potensialının gücləndirilməsi məqsədilə zəruri addımların atılacağını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.