İnstitutda Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib

02 Fevral 2023 - 16:22 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, cəmiyyətin aparıcı qüvvəsi olan gənclərə hər zaman diqqət və qayğı göstərilməsinin vacib olduğunu söyləyib. Alim Ümummilli Lider Heydər Əliyevin gənc nəslin mütəşəkkil formada yetişdirilməsində xidmətlərindən bəhs edərək Ulu Öndərin gənclərin inkişafına, onların savadlı, intellektual kadr kimi yetişdirilməsinə hər zaman diqqət və qayğı ilə yanaşdığını deyib: “Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Ulu öndər gənclərlə bağlı məsələləri hər zaman diqqət saxlamış, onların imkan və bacarıqlarını yüksək qiymətləndirmişdir”.

R.Ələkbərov bildirib ki, Ümumilli Liderin gənclərlə bağlı formalaşdırdığı siyasəti bu gün dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbəri gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alaraq yüksəkixtisaslı, intellektual kadr kimi yetişmələrinə, dövlət quruculuğunda fəal iştirakına, eyni zamanda onların vətənpərvər ruhda tərbiyəsinə önəm verir. Bu gün Azərbaycan elminin dünyanın nüfuzlu elm və təhsil mərkəzlərində uğurla təmsil olunması da gənclərin  adı ilə bağlıdır.

O, Azərbaycan gənclərinin II Qarabağ müharibəsində xüsusi şücaət və əzmkarlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı düşməndən azad etdiklərini, qəhrəman oğullarımızın sayəsində ərazi bütövlüyümüzün təmin olunduğunu deyib.

İcraçı direktor çıxışının sonunda institutun gənclərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova “Heydər Əliyev irsi və gənclər siyasətinin ideoloji istiqamətləri” adlı məruzə ilə çıxış edib. Bildirib ki, məhz Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı sərəncamla həmin tarix “Azərbaycan Gəncləri Günü” elan edilmiş, bununla da ölkəmizdə gənclər siyasətinin gələcək ideoloji-siyasi konturları müəyyənləşdirilmişdir.

A.Fərəcova qeyd edib ki, cənab Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə olan sonsuz inam və etimadı, gənc, savadlı kadrlara ölkə əhəmiyyətli məsələlərin həvalə olunması onları daha məsuliyyətli olmağa və əzmlə  çalışmağa vadar edir.

Tədbirdə “Elmin inkişafı və populyarlaşmasında gənclərin rolu” adlı məruzəni təqdim edən institutun doktorantı Orxan Vəlixanlı gənclərin elmə yeni perspektivlər və ideyalar gətirdiklərini, onların müəyyən olunmuş paradiqmalarla məhdudlaşmayaraq problemlərə unikal və innovativ formada yanaşdıqlarını qeyd edib.

O.Vəlixanlı İnformasiya Texnologiyaları İnstitutunda gəncləri elmə təşviq etmək, onları həvəsləndirmək üçün mühüm tədbirlərin həyata keçirildiyini deyib. Bildirib ki, hazırda institutda fəaliyyət göstərən gənclər prioritet istiqamətlər hesab olunan kibertəhlükəsizlik, Big Data analitikası, elektron dövlətin formalaşması, proqram mühəndisliyi, kiber-fiziki sistemlər, süni intellekt və s. ilə bağlı tədqiqatlar aparır, mühüm nəticələr əldə edirlər.

Daha sonra institutun mühəndis-proqramçısı Səbinə Əliyeva “Dördüncü Sənaye İnqilabının gənclər üçün cəlbedici olan trendləri” mövzusunda məruzəni ilə çıxış edib. “Dördüncü Sənaye İnqilabı fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı sərhədlərin ortaq bir nöqtədə təsvir etmək üsuludur. Bu, süni intellekt, robototexnika, Əşyaların İnterneti, 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyalarda irəliləyişlərin birləşməsidir”, - deyə o, qeyd edib. Əlavə edib ki, müasir dövrdə gənc tədqiqatçılar IV Sənaye İnqilabı və dünya elminin çağırışlarına cavab verən multidissiplinar tədqiqatlarla məşğul olmağa üstünlük verirlər.

“Müasir Azərbaycanın intellektual inkişafında gənclərin rolu” adlı məruzəni institutun mühəndis-proqramçısı Əyyub Əliyev təqdim edib. O, ölkəmizdə intellektual və savadlı gəncliyin yetişdirilməsinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan gəncliyi hər zaman ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilib, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayıb: “Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev ölkə gənclərinin hərtərəfli inkişafına yüksək diqqət və qayğı göstərir, intellektual, dünyagörüşlü nəslin yetişdirilməsi üçün lazımi tədbirlər görür”.

Məruzəçi bildirib ki, Azərbaycan gənclərinin qarşısında duran əsas vəzifə ölkəmizdə onlar üçün təqdim olunan geniş imkanlardan yararlanaraq dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə etmək, layiqli vətəndaş kimi formalaşmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.