Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun 70 yaşı tamam olur.
Rəşid Ələkbərov 1953-cü il fevralın 2-də anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 1 №-li fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsinin “Elektron hesablama maşınları” ixtisasına qəbul olunmuşdur. 1975-ci ildə həmin institutu bitirdikdən sonra təyinatla AEA Kibernetika İnstitutuna göndərilmiş və burada əmək fəaliyyətinə başlayaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır.
O, 1983-cü ildən AEA Kibernetika İnstitutunun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində (1997-ci ildən İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, 2002-ci ildən isə İnformasiya Texnologiyaları İnstitutu adlanır) aparıcı mühəndis, qrup rəhbəri vəzifələrində işləmişdir.
1985-1991-ci illərdə Azərbaycan Texniki Universitetində baş müəllim işləmiş, 1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi üçün xüsusi təyinatlı informasiya sisteminin yaradılması layihəsinin rəhbəri olmuşdur.
1992-2002-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarında lokal kompüter şəbəkələrinin layihələndirilməsi və yaradılması işlərini həyata keçirən laboratoriyaya rəhbərlik etmişdir.
1999-2000-ci illərdə kompüter avadanlıqlarında “2000-ci il” problemi ilə əlaqədar proqramın AMEA üzrə koordinatoru olmuşdur.
2002-ci ildən elektron elmin texnoloji platforması olan AzScienceNet elm-kompüter şəbəkəsinin infrastrukturunun yaradılması, genişləndirilməsi, elmi-nəzəri problemlərinin araşdırılması işlərini və onun GEANT (Avropa Elm və Təhsil Şəbəkəsi) şəbəkə infrastrukturuna inteqrasiyasını həyata keçirən, həmçinin AMEA-nın institut və təşkilatlarına internet xidmətləri göstərən şöbəyə rəhbərlik edir.
2005-ci illdə Milli Superkompüter Mərkəzinin və onun ümumrespublika infrastrukturunun yaradılması üçün kompleks (texniki, təşkilati, iqtisadi, maliyyə və s.) təkliflərin və sənədlərin işlənməsi məsələləri ilə məşğul olmuşdur.
2007-ci ildə “Kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş, 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2008-ci ildən AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Standartlaşma üzrə Texniki Komitənin üzvüdür.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2011-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi vəzifəsinə təsdiq edilmişdir.
2013-cü ildə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
2015-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə institutun texnologiyalar üzrə direktor müavini vəzifəsinə təsdiq edilmişdir.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.
2016-cı ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir.
2018-ci ildə institutun Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2021-ci ildən institutun icraçı direktoru vəzifəsinə təyin edilmişdir.
R.Ələkbərov 100-dən çox elmi əsər, 5 kitab və 5 müəlliflik şəhadətnaməsinin, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan 67, o cümlədən “Web of Science”, “Scopus” və s. kimi nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda çap olunmuş 27 məqalənin müəllifidir.
Hazırda alim şəbəkə texnologiyaları əsasında paylanmış hesablama sistemlərinin yaradılması, informasiya texnologiyalarının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi, bulud texnologiyaları əsasında verilənlərin emalı mərkəzində hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması, mobil hesablama buludlarının optimal sintezi və elektron elm və onun funksional altsistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi, Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması, Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi, e-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi sahəsində tədqiqat işləri aparır.
Elmi və elmi-təşkilati işlərlə yanaşı, pedaqoji fəaliyyətlə məşğul olan R.Ələkbərov gənclərin elmi tədqiqatlara cəlb olunması, yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük qayğı və həssaslıqla yanaşır, istedadlı gənclərə hər zaman dəstək olur. O, yalnız elmi fəaliyyəti ilə deyil, həm də əsl ziyalıya xas dərin zəkası, geniş dünyagörüşü, zəhmətsevərliyi və bacarıqlı elm təşkilatçılığı ilə fərqlənən alimlərdəndir.
Əsas amalı Azərbaycan elminin inkişaf etdirilməsi olan, dövlətçilik siyasətinə daim sadiq qalan, informasiya texnologiyaları sahəsinə mühüm töhfələr bəxş edən Rəşid Ələkbərovu 70 illik yubileyi münasibətilə İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından təbrik edir, ona möhkəm cansağlığı və yeni elmi yaradıcılıq uğurları arzu edirik!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.