Akademik Yusif Məmmədov: “Fundamental elmlər sahəsi üzrə təhsildə əsaslı məzmun yenilənməsinə böyük ehtiyac var”

11 Yanvar 2023 - 09:09 | Müsahibələr, çıxışlar

Hazırda riyaziyyat, fizika, kompüter elmləri və s. kimi fundamental fənlərə ayrılan dərs saatlarının azlığı tələbələrin dərin elmi biliklərə yiyələnməsinə imkan vermir. Fundamental elmlər sahəsi üzrə təhsildə əsaslı məzmun yenilənməsinə böyük ehtiyac vardır. Müvafiq istiqamətdə daha səmərəli nəticələr əldə etmək üçün inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən yararlanmaq məqsədəuyğundur.

Bu barədə Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Riyazi-fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının iclasında bildirib.

Alim qeyd edib ki, müasir dövrün reallıqlarının ölkələr qarşısında qoyduğu ən mühüm vəzifələrdən biri də istənilən ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi olan elm və təhsilin inkişaf etdirilməsi və inteqrasiyasının təmin olunmasıdır. Məhz elm və təhsilin yüksələn xətlə inkişafı bilik iqtisadiyyatının da inkişafına yol açmaqla, insan kapitalının formalaşmasını və rəqabət dünyasında ölkənin mövqeyinin möhkəmlənməsini şərtləndirir.

Onun sözlərinə görə, təhsillə elmin inteqrasiyası dedikdə, yalnız elmi-tədqiqat institutlarının (ETİ) əməkdaşlarının universitetlərdə təhsilə və universitet əməkdaşlarının ETİ-lərdə elmi fəaliyyətə cəlb olunması başa düşülməməlidir. Birinci növbədə, təhsilin məzmununun elmi biliklərlə daha da zənginləşdirilməsi, bu bilikləri tədris edə bilən universitet və ETİ alimlərinin tədrisə cəlb edilməsi, eləcə də müvafiq zəruri biliklərə sahib olan universitet tədqiqatçılarının, xüsusilə də gənclərin ETİ-lərdə elmi fəaliyyətə qoşulması vacibdir. Lakin təhsilin məzmunu qənaətbəxş deyilsə, ən aparıcı alimin də bu məzmun üzrə dərs keçməsi xüsusi bir effekt verə bilməz. Eləcə də bu məzmunda təhsil almış gənclərin elmi-tədqiqat institutlarında ciddi elmi fəaliyyətə qoşulması inandırıcı deyil.

“Bakı Dövlət Universitetində Riyaziyyat və mexanika, Tətbiqi riyaziyyat, Fizika fakültələrinin tədris planlarında apardığım araşdırmalar göstərir ki, fənlərin tədris olunma ardıcıllığı, onlara ayrılan saatların miqdarı, onların seçimi ilə bağlı ciddi nöqsanlar vardır. Məsələn, Tətbiqi riyaziyyat fakültəsində ixtisaslardan birində III kursda “Tətbiqi əhəmiyyətli diferensial tənliklər” fənni yer almışdır. Halbuki, əvvəlki kurslarda bu ixtisasda “Diferensial tənliklər” fənni tədris edilmir. Deməli, tələbə diferensial tənlik, onun həlli üsulları haqqında heç bir məlumatı olmadan, tətbiqi əhəmiyyətli diferensial tənliklər haqqında məlumat almalıdır ki, bunun mümkünlüyünü anlamaq çətindir”, – deyə akademik söyləyib. Bildirib ki, Fizika fakültəsində “Riyazi fizika” fənninə cəmi 15 saat ayrılıb, o da seçmə fənlər bölməsindədir. Digər riyazi fənlərə də ayrılan saatlar çox azdır. Bu isə qəbuledilməzdir, çünki klassik və müasir nəzəri fizika riyaziyyat, xüsusilə də riyazi fizika üzərində qurulub. Bu tipli nöqsanlar fundamental elmlərin tədris olunduğu bütün fakültələrdə mövcuddur.

Alim müqayisə üçün qeyd edib ki, Moskva Dövlət Universitetinin, Novosibirsk Dövlət Universitetinin və s. tədris planlarında “Riyazi fizika” fənninə 72 məcburi saat və əlavə olaraq, tələbənin hər hansı birini seçməli olduğu riyazi fizikanın 4 bölməsinin (hidrodinamika, kvant fizikası, elektrodinamika və s. ilə bağlı) hər birinə 72 saat ayrılmışdır. Yəni, Fizika fakültəsində oxuyan tələbə cəmi 144 saat “Riyazi fizika” fənnini öyrənməlidir.

Tətbiqi riyaziyyat fakültəsində “İnformatika” fənni ilə bağlı 2 kafedra fəaliyyət göstərir ki, onlarda 30-dan çox saat hesabı dərs keçən müəllim vardır. Bu kafedraların tədris planlarına salınmış fənlər dünyanın qabaqcıl universitetlərinin tədris planlarına uyğunlaşdırılmışdır. Lakin bu fənlərin əksəriyyəti üzrə dərsliklər yoxdur və cəlb edilən “saat hesabı” müəllimlərin bir hissəsi az kompetensiyalıdır. Belə olan halda bu kimi fənlərə ayrılan saatlar, faktiki olaraq, itirilmiş hesab edilə bilər.

Akademikin sözlərinə görə, tədris planları “Təhsil standartları” əsasında formalaşır və bu standartlar AR Elm və Təhsil Nazirliyinin təşkil etdiyi komissiyalar tərəfindən hazırlanır. Yuxarıda sadalanan və digər nöqsanlar bu komissiyaların sahələr üzrə kompetensiyası ilə də bağlı ola bilər. Digər tərəfdən, Elm və Təhsil Nazirliyi komissiyalara xarici ölkələrdən götürdüyü bir saat limiti (həftəlik, illik) verir. Lakin bundan əlavə, müəyyən fənlərin (qeyri-profil) məcburi olaraq, (kifayət qədər həcmli saatlarla) standarta salınmasını da şərt qoyurlar. Halbuki, saatların ümumi miqdarının götürüldüyü ölkələrin proqramlarında bu kimi fənlər yoxdur. Bu halda ixtisas üzrə vacib olan fənlər üçün saat qalmır və ya çox az qalır.

“Şübhəsiz ki, Elm və Təhsil Nazirliyinin təklif etdiyi həmin qeyri-profil fənlər də olduqca əhəmiyyətlidir. Lakin onlara verilən saatlar profil fənləri məhdudlaşdırmamalıdır. Məsələn, Tətbiqi riyaziyyat fakültəsində müəllimlik ixtisası üzrə “Sahibkarlığın əsasları və biznes” fənni, bütün fakültələrdə “Tibbi biliklər”, “Müki müdafiə”, “Tarix”, “Politologiya”, “Sosiologiya” və s. kimi fənlər tədris edilir. Fikrimcə, riyaziyyat, fizika, kimya və digər fundamental elmlərlə bağlı fakültələrdə təhsil alan tələbələr üçün belə fənlər fakültativ dərslər, dərnəklər vasitəsilə mənimsədilsə, daha məqsədyönlü olar”, – deyə alim bildirib.

Y.Məmmədov qeyd edib ki, AMEA alimləri, Elm və Təhsil Nazirliyinin institutlarında çalışan, sahələr üzrə aparıcı mütəxəssislər “Təhsil standartları”nı, universitetlərin tədris proqramlarını (universitet alimləri ilə birlikdə) təftiş etməli, bu proqramların həm pedaqoji, həm də elmi cəhətdən təkmilləşməsinə töhfə verməlidirlər. Ümumiyyətlə, komissiyalar tərəfindən təhsil standartlarının layihəsi hazırlandıqdan sonra müvafiq sahələr üzrə təcrübəli mütəxəssislərin müzakirəsinə verilməsi daha məqsədəuyğundur.

Sonda akademik Yusif Məmmədov magistraturaya qəbul imtahanları ilə bağlı məsələyə də toxunub: “Yeri gəlmişkən, onu da əlavə edək ki, magistraturaya qəbul imtahanlarında xarici dil biliyinə xüsusi diqqət göstərilməsi təqdirəlayiq haldır, lakin ixtisas imtahanının olmaması, fikrimcə, qəbuledilməzdir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.