AMEA-nın müxbir üzvü Afiq Həsənov: “Radioelektron mübarizə vasitələri Azərbaycanda prioritet elmi istiqamət kimi qəbul edilməlidir”

09 Yanvar 2023 - 17:05 | Müsahibələr, çıxışlar

Müasir dövrdə qlobal hərbi konfliktlərin həllində güc tətbiqi getdikcə daha geniş vüsət alır və bu proseslərdə Radioelektron mübarizə (REM) vasitələri həlledici faktora çevrilir.

Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Afiq Həsənov AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə illik hesabatların müzakirəsinə həsr olunmuş Ümumi Yığıncağının iclasında radioelektron mübarizə vasitələrinin strateji əhəmiyyətindən və “Akusto-optik spektral-zaman analizatoru” mövzusunda aparılmış tədqiqatların nəticələrindən danışıb.

Alimin sözlərinə görə, radiodalğa böyük məlumat massivlərinin uzaq məsafəyə sürətlə çatdırılmasını təmin edən yeganə vasitədir. Belə ki, operativ məlumatların ötürülməsi əsasən, radiodalğa vasitəsi ilə təmin olunur. Uzaq təsirli hücum vasitələrinin hərəkət xarakteristikaları və parametrləri radiomayakların və digər naviqasiya sistemlərinin tətbiqi ilə müəyyənləşdirilir. Naviqasiya sistemlərinin işinə gizli və ya aşkarlanması çətin olan müdaxilə və onun qarşısının alınması REM vasitələrinin həll etdiyi əsas məsələlərdəndir.

A. Həsənov bildirib ki, REM vasitələrinin konfliktlərin həllində potensial imkanları, ölkənin müdafiəsinin təşkilində rolu onların yaradılması və tətbiqinin aktuallığını daha da artırır. Eyni zamanda REM vasitələri ixtisası üzrə peşəkar kadrların hazırlanması müasir dövrün tələbidir.

REM vasitələrinin prioritet elmi istiqamət kimi qəbul edilməsinin vacibliyini vurğulayan alim onu da qeyd edib ki, bu kimi vasitələrin yaradılması və tətbiqi milli intellektual resurslara istiqamətlənməlidir.

“Radioelektron mübarizə vasitələri müharibələrin taleyini həll edən əsas faktorlardan biridir”, – deyə bu məsələyə alim və mütəxəssislərin diqqətini cəlb edən A. Həsənov bildirib ki, bu baxımdan şüalanma mənbəyinin aşkarlanması və onun koordinatlarının təyin edilməsi mühüm məsələdir.

Sonra alim Milli Aviasiya Akademiyasında “Akusto-optik spektral-zaman analizatoru” mövzusunda aparılan tədqiqatların nəticələrini təqdim edib. “Şüalanma mənbəyinin aşkarlanması üçün sürətlə işləyən texniki vasitələrə ehtiyac var. Problemi paralel analiz üsulu ilə həll etmək mümkündür. Eyni zamanda paralel analizin nəticələrinin cəld işlənilməsini təmin etmək olduqca mürəkkəb məsələdir. Belə ki, bir zaman kəsiyində bütün çıxışlara nəzarət etmək mümkün olmur. Biz bu istiqamətdə tədqiqatlar apararaq mühüm nəticələr əldə etmiş, yeni təkliflər hazırlamışıq”, – deyə A. Həsənov əlavə edib.

AMEA-nın müxbir üzvü, həmçinin radioelektron mübarizə vasitələri ilə bağlı aparılan tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq jurnallarda dərc olunduğunu diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.