2022-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda informasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi istiqamətində “E-dövlətin formalaşdırılması və təkmilləşdirilməsi üçün modellər və metodlar”, “IV sənaye inqilabının sosial-iqtisadi trendlərinin araşdırılması”, “Elektron demoqrafiya platformasında fərdlərin sosial kreditlərinin və sosial münasibətlərin analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə tədqiqatlar davam etdirilib.
İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında 1 saylı şöbənin 2022-ci il üzrə hesabatına dair aparılan müzakirələr zamanı bu barədə məlumat verilib.
Hesabatı 1 saylı şöbənin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov təqdim edərək şöbə əməkdaşlarının elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyəti, elmi-texniki konfranslarda, elmi-texniki ekspertiza işləri, ölkə və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, beynəlxalq elmi əməkdaşlıq, elmmetrik göstəricilər və s. ilə bağlı ətraflı məlumat verib.
O, şöbədə “Elektron dövlət xidmətlərinin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsi”, “İnformasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması”, “Elektron dövlət mühitində emosional faktorlardan istifadə etməklə vətəndaşın davranışının qiymətləndirilməsi”, “Azərbaycanda informatika elminin meydana gəlməsi və inkişaf mərhələlərinin tədqiqi”, “Demoqrafik verilənlərin analizi üçün metodun işlənməsi”, “Büdcə resurslarının intellektual xərclənməsi prosesinin analizi”, “Kriptovalyutaların tətbiqi sahəsində beynəlxalq təcrübənin analizi”, “Virtual məkanda dil problemlərinin araşdırılması və müvafiq təkliflərin işlənməsi” mövzuları üzrə araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə edildiyini diqqətə çatdırıb:
“Vahid əhali reyestri verilənləri əsasında sosio-demoqrafik göstəricilər analiz olunmuş, Azərbaycanda kiberfiziki sistemlərin formalaşması və onların kompleks təhlükəsizliyinin aktual problemləri araşdırılmış, E-demoqrafiya platformasında davranışın intellektual analizi üzrə beynəlxalq təcrübə və yanaşmalar tədqiq edilmişdir. Həmçinin “İnternet iqtisadiyyatinin tənzimlənməsi və inkişaf mexanizmlərinin işlənməsi” adı dissertasiya işi müdafiə olunmuşdur”.
Şöbə müdiri bildirib ki, il ərzində aparılan tədqiqatların nəticələri “Web of Science”, “Springer”, “Russian Science Citation Index” kimi nüfuzlu bazalara daxil olan jurnallarda öz əksini tapmışdır.
Sonra F.Yusifov şöbənin elmi-innovasiya fəaliyyəti haqqında danışıb. Cari ildə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin (2017-2025) həyata keçirilməsinə elmi dəstək verildiyini, “Big data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin işlənməsi” adlı qrant layihəsində və Bakıda keçirilən “Şərq Tərəfdaşlığı çərçivəsində E-infrastrukturlar üzrə 5-ci beynəlxalq konfrans”ında (EaPEC 2022) fəal iştirak edildiyini diqqətə çatdırıb.
Məruzəçinin sözlərinə görə, cari ildə həmçinin Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin birgə elan etdiyi müsabiqə çərçivəsində “Bulud texnologiyalarına əsaslanan e-dövlətin resurs və xidmətlərindən səmərəli istifadə üçün intellektual metod və alqoritmlərin işlənməsi” adlı layihə ilə bağlı işlər aparılmışdır.
Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev hesabata münasibətini bildirib, şöbədə aktual problemlərin həlli istiqamətində araşdırmalar aparan tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinə dair tövsiyələr verib.
Elmi şuranın qərarı ilə şöbənin 2022-ci il üzrə illik hesabatı qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.