Elektron dövlət quruculuğu problemlərinə həsr olunmuş konfrans başa çatdı

04 Dekabr 2014 - 18:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron dövlət quruculuğu problemləri” mövzusunda I Respublika elmi-praktiki konfransının bağlanış mərasimi keçirildi. Tədbirin seksiya iclaslarının sədrləri çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirdi. E-dövlətin intellektuallaşdırılması konsepsiyası, elektron vətəndaş problemləri,  e-dövlət mühitində dövlət sirrinin təhlükəsizliyi, e-dövlətin formalaşdırılması layihələrinin idarə edilməsi, e-dövlət mühitində vətəndaş - dövlət münasibətlərinin tənzimlənməsi, e-dövlət mühitində e-sosial siyasət məsələləri, vikinomika konsepsiyasının elektron dövlət idarəçiliyində tətbiqi, e-dövlətdə informasiya müharibəsi modelləri, e-dövlət quruculuğunda bulud texnologiyalarının imkanları və problemləri və s. sahələrdə problemlərin həlli ilə bağlı aparılan elmi-tədqiqatlarda mühüm innovativ nəticələrin əldə olunduğunu bildirdi. Akademik bugünkü konfransın elektron dövlətin elmi-praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.