Məlumdur ki, “Google” dünyanın ən böyük axtarış sistemi və ən çox ziyarət edilən saytıdır. Yarandığı ilk gündən inkişaf etməyə davam edən “Google” hazırda “Gmail”, “Google News”, “Google Analytics” və “Google Chrome” kimi xidmətlər təklif edir. Axtarış sistemləri arasında “Google”dan istifadə 80 faiz təşkil edir.
Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin “Google-Fi Texnologiyası” mövzusunda keçirilən elmi seminarında məlumat verilib.
Mövzuya dair çıxış edən institutun proqramçısı Təbriz Ağaşov bu texnologiya haqqında ətraflı məlumat verərək bildirib ki, amerikalı iş adamları Larri Peyc və Sergey Brin tərəfindən yaradılmış “Google” axtarış sisteminin biznes üçün nəzərdə tutulan məhsullarına “Google Data Studio”, “Google Ads”, “Google Maps”, “Google Cloud” və s., gündəlik istifadə üçün məhsullarına isə “Google chrome enterprise”, “Google chromecast”, “Google play”, “Google pay”, “Google Fi” və s. daxildir.
“Google Fi” texnologiyası barədə danışan məruzəçi qeyd edib ki, əvvəllər “Project Fi” adlandırılan “Google Fi” “Google” şirkətinin təqdim etdiyi mobil virtual operatordur. Bu xidmət istifadəçilərə “T-Mobile” və “US Cellular” şəbəkələrinə giriş imkanı verir. Həmçinin “T-Mobile” şəbəkəsində fəaliyyət göstərməklə “Google Fi” ölkənin ən yaxşı 5G şəbəkəsində xidmət də təklif edir.
Sonra o, “Google Fi” və “US Cellular 4G LTE (5G)”, eləcə də “T-Mobile 4G LTE (5G)” şəbəkələrinin əhatə dairəsinin əks olunduğu xəritəni təqdim edib.
“Google Fi” Limitsiz Planı (Unlimited plan) və “Google Fi” Çevik plan (Flexible plan) haqqında məlumat verən tədqiqatçı bildirib ki, “Google Fi” artıq limitsiz tarif planları təklif edən operatorların sıralarına qoşulmuşdur. Çevik tarif planı isə yalnız istifadə olunan məlumatlar üçün ödəniş etməyi təklif edir.
Daha sonra məruzəçi “Google Fi” texnologiyasını dəstəkləyən mobil telefonlar və onlarda “Google Fi” bağlantısının qurulması prosesindən danışıb. Söyləyib ki, bu texnologiyanı dəstəkləyən mobil qurğular arasında “Pixel” və “Samsung” kimi modellər var.
Sonda institutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzuya dair fikirlərini bölüşüb. “Google Fi” texnologiyası ilə bağlı beynəlxalq təcrübənin araşdırılması və növbəti mərhələdə məqalənin hazırlanması ilə bağlı tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.