Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının iclasında mühüm məsələlər müzakirə olunub

17 Noyabr 2022 - 17:25 | Konfranslar, İclaslar

Noyabrın 17-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti iclası keçirilib.

İnformasiya Texnologiyaları İnstitutunda baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB Elmi şurasının sədri, akademik Rasim Əliquliyev, Elmi şuranın üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin baş və icraçı direktorları, elmi katiblər, təhsil və beynəlxalq əlaqələr şöhələrinin rəhbərləri iştirak ediblər.  

Əvvəlcə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik  Rasim Əliquliyev 2022-ci il üçün FRTEB-in elmi müəssisələrinin illik hesabatlarının keçirilməsi haqqında çıxış edib.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası məqsədilə ölkəmizdə aparılan tədqiqatların idarəolunması, maliyyələşdirilməsi, müvafiq institut və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən həmin strukturların sayının optimallaşdırılması kimi mühüm məsələlərin həyata keçirilməsi istiqamətində işlərin görüldüyünü bildirib. Akademik Rasim Əliquliyev həmin Fərmanla Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş FRTEB-ə daxil olan elmi müəssisə və təşkilatların qarşısına da elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, çevikləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması ilə bağlı ciddi vəzifələrin qoyulduğunu diqqətə çatdırıb.  

Elmi şuranın sədri noyabrın 11-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə keçirilmiş AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın və respublikamızın digər elmi-tədqiqat müəssisə və təşkilatlarında, o cümlədən FRTEB-ə daxil olan elmi qurumlarda 2022-ci ilin elmi-tədqiqat işləri üzrə hesabatlarının hazırlanması ilə bağlı bir sıra məsələlərin müzakirə olunduğunu və müvafiq vəzifələrin müəyyən edildiyini bildirib. O, sözügedən iclasda akademik İsa Həbibbəylinin elmi-tədqiqat müəssisələrində və elmi təşkilatlarda illik hesabatların hazırlanmasında bir sıra yeniliklərin tətbiqi ilə bağlı tövsiyələr verdiyini qeyd edib. 

Bu tövsiyələri bölmə üzvlərinin diqqətinə çatdıran akademik Rasim Əliquliyev Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışları əhatə edə biləcək yeni Qaydaların hazırlanmasının, hesabat iclaslarının keçirilməsi və ümumi hesabatların təqdim olunması mərhələsində bu yeniliklərin nəzərə alınmasının planlaşdırıldığını bildirib. Qeyd edib ki, institut və təşkilatlarda hesabatların keçirilməsi qaydalarını standartlaşdırmaq və unifikasiya etmək üçün qaydalar sisteminin işlənilməsi üzrə müvafiq tapşırıqlar verilib.

Vitse-prezidentin sözlərinə görə, yekun elmi hesabatların cəmiyyətə dolğun və əhatəli şəkildə çatdırılmasının təmin olunması üçün ilkin olaraq şöbə və laboratoriyalarda aparılan müzakirələrdə institut rəhbərlərinin, elmi-tədqiqat müəssisələrinin elmi şuralarında isə müvafiq bölmələrin əvvəlcədən müəyyən edilmiş üzvünün, o cümlədən Elm və Təhsil Nazirliyindən nümayəndələrin, bölmələrin ümumi hesabat iclaslarında AMEA rəhbərliyinin, müvafiq dövlət strukturlarından nümayəndələrin iştirakı nəzərdə tutulur.

Akademik Rasim Əliquliyev bildirib ki, hazırlanacaq hesabatlarda müasir tələblərə, mövcud reallıqları özündə əks etdirə biləcək yeni qaydalara ciddi əməl olunması, elmi işlərə istinadların və yüksək indeksli jurnallarda çap olunmuş məqalələrə diqqətin artırılması, elmi müəssisələrin çoxmeyarlı qiymətləndirilməsi və ayrı-ayrılıqda alimlərin müəyyən yaş kateqoriyaları üzrə elmi reytinqinin aparılması, eləcə də Azərbaycan alimlərinin əldə etdikləri nailiyyətlərin kütləvi informasiya vasitələrində geniş təbliği zəruri məsələlər sırasındadır. O, Rəyasət Heyətinin bölmə hesabatlarına həsr olunmuş iclaslarında ən müasir texnoloji imkanlardan istifadə olunmaqla müvafiq tədqiqat sahələrinin elmi nəticələrini dolğun əks etdirən slaydlar, müqayisəli cədvəllər, analitik təhlilləri ehtiva edən sərgilərin nümayiş olunmasının vacibliyini vurğulayıb.

O, həmçinin AMEA rəhbərliyinin Akademiyada fəaliyyətini davam etdirən humanitar yönümlü institut və təşkilatların beynəxalq bazalara çıxış imkanlarının artırılması, eləcə də ölkə daxilində elmi tədqiqatların qiymətləndirilməsi üçün Milli Elmi İstinad Mərkəzinin yaradılması ilə bağlı tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev, həmçinin magistratura və doktorantura səviyyələrində kadr hazırlığı siyasətinin düzgün həyata keçirilməsi üçün bölmə üzvlərinin öz təkliflərini təqdim etməsini zəruri hesab edib. Bildirib ki, fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə təhsil alan şəxslərin tədqiqat mövzularına AMEA Rəyasət Heyəti tərəfindən yenidən baxılması, gənc tədqiqatçıların onlara təqdim olunmuş mövzuların tədqiqinə hazırlıq səviyyələrinin qiymətləndirilməsi planlaşdırılır.

Məsələ ilə bağlı akademiklər – Arif Həşimov, Cavad Abdinov, Adil Qəribov, AMEA-nın müxbir üzvləri – Namiq Cəlilov, Misir Mərdanov, Oktay Qasımov, Afiq Həsənov və biologiya elmləri doktoru Kərim Qasımov çıxış edərək təklif və tövsiyələrini diqqətə çatdırıblar.

Sonra çıxış edən akademik Rasim Əliquliyev 2023-cü ilin fevral ayının 21-də, Beynəxalq Ana Dili Günündə AMEA-nın Humanitar Elmlər Bölməsi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və “Ana dili” gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransının keçirilməsinin nəzərdə tutulduğunu bildirib. O, konfransın virtual məkanda Azərbaycan dilinin tətbiqi ilə bağlı problemləri tədqiqata cəlb etmək və geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıdığını deyib.

Məsələ Elmi şura üzvləri tərəfindən müzakirə olunaraq qəbul olunub.

İclasda daha sonra Radiasiya Problemləri İnstitutunun institutun əməkdaşı Asim İmaməliyevin Türkiyənin Yıldız Texnik Universitetinin fəlsəfə doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunması məsələsi müzakirə olunub, müvafiq qərar qəbul edilib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, ölkədə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunması ilə əlaqədar AMEA-nın Tədbirlər planına bölmə tərəfindən təkliflərin verilməsi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası və digər məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.