AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev 1-3 noyabr 2022-ci il tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən Kibertəhlükələrin İntellektual Analizi üzrə Simpoziumda (2022 FIRST Cyber Threat Intelligence Symposium) iştirak edib.
Beynəlxalq tədbir Hadisələrə Müdaxilə və Təhlükəsizlik Qruplarının Forumu (Forum of Incident Response and Security Teams - FIRST) üzvləri və üzv olmayan təşkilatlar üçün nəzərdə tutulub.
Simpozium çərçivəsində təlim və plenar iclaslar keçirilib. Plenar iclasların ilk günündə kibertəhlükələrin intellektual analizi (cyber intelligence) məsələləri üzrə məruzələr dinlənilib. Təqdimatlar “10 il ərzində kibertəhlükələrin intellektual analizinə baxış”, “Kibertəhlükələrin intellektual analizinin paylaşım platformaları: proqram təchizatçılarının kompleks təhlili və tədqiqat perspektivləri”, “Kibermüdafiə əməkdaşlığını optimallaşdırmaq üçün intizamlılıq”, “Təbii dilin emalı vasitəsilə kibertəhlükələr üzrə hesabatların emal edilməsi” və s. mövzularını əhatə edib.
Tədbirin sonuncu günündə keçirilən plenar iclaslarda “Təhlükəsizlik üzrə analitiklərin sayının azalma səbəbləri və bunun qarşısını almaq üçün tədbirlər”, “Kod axtarış texnologiyası ilə kompüter telefoniyasının inteqrasiyası proseslərinin təkmilləşdirilməsi”, “Kibertəhlükələrin analizi tarixi üçün arxivin yaradılması”, eləcə də “Təşkilatlar üçün kibertəhlükələrin intellektual analizi tələblərinin hazırlanması” mövzuları üzrə məruzələr təqdim olunub.
Qeyd edək ki, 1990-cı ildə yaradılan FIRST təşkilatı hər kəs üçün təhlükəsiz İnterneti təmin etmək məqsədilə dünyanın hər bir ölkəsindən insidentlərə cavab və təhlükəsizlik qruplarını bir araya gətirir. FIRST insidentlərə cavab qruplarına etibarlı tərəfdaş tapmaq və səmərəli əməkdaşlıq etmək üçün platformalar, vasitələr və alətlər təqdim edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.