İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov və baş mütəxəssis Oqtay Ələkbərov, eləcə də institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov 30 oktyabr 2022-ci il tarixində keçirilmiş “Elektrotexnikanın Texniki və Fiziki Problemləri” adlı 18-ci beynəlxalq konfransda (18th International Conference on “Technical and Physical Problems of Electrical Engineering) iştirak ediblər.
"Mühəndisliyin Texniki və Fiziki Problemləri" Beynəlxalq Təşkilatı (IOTPE) tərəfindən keçirilmiş konfransda R.Ələkbərov və O.Ələkbərovun həmmüəllif olduqları “Bulud hesablamaları: modellər, xidmətlər və problemlər” mövzusunda məqalə təqdim olunub.
Məqalədə bulud hesablamaların arxitektur - texnoloji prinsipləri analiz edilib, bulud hesablamaların müxtəlif modelləri və xidmətləri geniş şərh olunub. Bulud hesablamaların üstünlükləri, çatışmayan cəhətləri və meydana çıxan problemlər təqdim edilib. Şəbəkə gecikmələrini azaltmaq üçün sərhəd hesablamalarından istifadə edilməsi təklif edilib.
Konfransda həmçinin M.Həşimovun “Ağıllı şəhər” mühitində kibertəhlükəsizlik problemlərinin analizi” mövzusunda məruzəsi təqdim olunub. Məqalədə “ağıllı şəhər” konsepsiyasının mövcud vəziyyəti və gələcək perspektivləri barədə məlumat verilib, “ağıllı şəhər” mühitini əhatə edən xidmətlərin vətəndaşlar və dövlət qurumları üçün yaratdığı üstünlüklər göstərilib. O cümlədən “ağıllı şəhər” xidmətlərindən istifadə zamanı meydana çıxan kibertəhlükəsizlik problemləri təhlil edilib.
Xatırladaq ki, “Elektrotexnikanın Texniki və Fiziki Problemləri” adlı 18-ci beynəlxalq konfransın məruzələri “Scopus” beynəlxalq bazasında indeksləşir və referatlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.