Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direktorları və icraçı direktorları, elmi katibləri, Beynəlxalq əlaqələr, Təhsil və İctimaiyyətlə əlaqələr şöbələrinin müdirləri, eləcə də ictimai təşkilatların rəhbərləri iştirak ediblər.
Əvvəlcə AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev ölkə Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn vəzifələr haqqında çıxış edib. Bildirib ki, sözügedən Fərman ölkəmizdə aparılan tədqiqatların idarəolunması, maliyyələşdirilməsi, müvafiq institut və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən həmin strukturların sayının optimallaşdırılması kimi mühüm əhəmiyyətləri məsələləri nəzərdə tutur. Vitse-prezident qeyd edib ki, elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, çevikləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması məqsədi daşıyan həmin Fərman Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş FRTEB-ə daxil olan elmi müəssisə və təşkilatların qarşısına da ciddi vəzifələr qoyub.
Akademik Rasim Əliquliyev Fərmandan irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycanda elm sahəsində dövlət siyasətinin həyata keçirilməsi işinin təşkili, problemlərin müəyyənləşdirilməsi, elmi fəaliyyətin stimullaşdırılması istiqamətində hüquqi platformada daha səmərəli, çevik mexanizmlər əsasında tədbirlərin görüldüyünü diqqətə çatdırıb. O, bu məqsədlə AMEA-da Akademiyanın prezidenti v.i.e., akademik Arif Həşimovun rəhbərliyi ilə Komissiyanın yaradıldığını, yeni şəraitə uyğun olaraq AMEA-nın Nizamnaməsinin hazırlanması üzrə işlərin yekunlaşdığını və layihənin təqdim olunduğunu bildirib.
Vitse-prezident elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi məqsədilə yaradılacaq nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsinin işlənilməsi istiqamətində də tədbirlərin görüldüyünü qeyd edib. Alim AMEA və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə ölkəmizdə elm siyasətinin həyata keçirilməsində fəal iştirak edəcəklərini vurğulayıb.
O, FRTEB-in Ümumi yığıncağının bundan sonra da elmi müzakirə platforması kimi fəaliyyətini davam etdirəcəyini, dünyada bu sahədə gedən proseslərin, fundamental və tətbiqi tədqiqatların qarşısında duran vəzifələrin dövlətimizin tələblərinə uyğun seçilməsi, ümumilikdə ölkəmizdə bu proseslərin koordinasiya olunması və istiqamətləndirilməsi, elm və təhsilin qarşılıqlı inteqrasiyası, resursların daha da optimallaşdırılması, beynəlxalq elmi əlaqələrin səmərəli təşkili və s. istiqamətdə işlərin həyata keçirilməsində yaxından iştirak edəcəyini deyib.
Akademik Rasim Əliquliyev daha sonra AMEA-nın Rəyasət Heyətinin “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası haqqında” qərarına dair çıxış edib. Alim 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğunu xatırladaraq, Prezidentin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin dövlətçilik ənənələrinin qorunması, bu sahədə formalaşmış zəngin təcrübənin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu, regionda və beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınmasının bilavasitə böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, Ulu Öndərin elmimizin inkişafında müstəsna xidmətlərindən danışıb.
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə Azərbaycan elmi qarşısında da mühüm vəzifələrin qoyulduğunu deyən akademik Rasim Əliquliyev AMEA-nın Rəyasət Heyətinin bununla əlaqədar olaraq qərar qəbul etdiyini deyib. Alim sözügedən Sərəncamın icrası ilə bağlı AMEA-nın Tədbirlər Planına dair FRTEB-in elmi müəssisələrinin bir sıra təkliflər irəli sürdüyünü diqqətə çatdırıb. O, “Heydər Əliyev İli” çərçivəsində AMEA rəhbərliyinin dəstəyi ilə institut, bölmə və Akademiya səviyyəsində müxtəlif səpkili tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
İclasda 2022-ci il üçün AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrinin illik hesabatlarının keçirilməsi ilə əlaqədar məsələ müzakirə olunub. Bölməyə daxil olan institut və təşkilatların cari il üzrə hesabatlarının yeni şərait və reallıqlar nəzərə alınmaqla yüksək səviyyədə təşkili və qiymətləndirilməsinin zəruriliyi qeyd olunub. Həmçinin hesabat iclaslarında Elm və Təhsil Nazirliyindən aidiyyəti şəxslərin iştirak üçün dəvət olunması təklif olunub.
Daha sonra akademik Rasim Əliquliyev AMEA FRTEB-in elmi müəssisələrində 2022/2023-cü tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri haqqında çıxış edib. O, AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən, Akademiyaya daxil olan elmi bölmələrə doktorantura və dissertanturaya qəbulun nəticələrinə müvafiq olaraq yekun qərarın qəbul edilməsi səlahiyyəti verildiyini bildirib. Alim AMEA FRTEB-in elmi müəssisələrində sözügedən tədris ili üzrə 34 nəfərin fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olunduğunu diqqətə çatdırıb, həmçinin əlavə yerlər üzrə müraciətlər barədə məlumat verib.
Vitse-prezident qəbul olunmuş doktorant və dissertantlar qarşısında çox ciddi elmi məsələlərin qoyulduğunu bildirib, onların dövlətimizin çağırışları kontekstində məsuliyyətlə fəaliyyət göstərməsinin, yüksək elmi nəticələr əldə etməsinin əhəmiyyətindən danışıb.
Səsverməyə əsasən, AMEA FRTEB-in elmi müəssisələrində 2022/2023-cü tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri təsdiq olunub.
Akademik Rasim Əliquliyev AMEA-nın elmi müəssisələrinin 2023-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul planı barədə məlumat verərək, bölməyə daxil olan institut və təşkilatlarda növbəti il üçün elmlər doktorluğu hazırlığı üzrə 15, fəlsəfə doktorluğu hazırlığı üzrə isə 54 yerin ayrılması təklifi ilə AMEA-nın Rəyasət Heyətinə müraciət olunmasının planlaşdırıldığını deyib.
İclasda müzakirəyə təqdim olunan digər məsələ 2022-ci ildə Fizika üzrə verilmiş Nobel mükafatı ilə əlaqədar olub. Məsələyə dair çıxış edən AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Kvant informatikası laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Elçin Cəfərov müxtəlif elm sahələri üzrə Nobel mükafatlarının təqdim olunduğu elmi nailiyyətlər barədə ictimaiyyətin məlumatlandırılmasının zəruri məsələlərdən olduğunu bildirib. O, Fizika üzrə verilmiş Nobel mükafatının dolaşıq fotonlarla təcrübələr həyata keçirərək, Bell bərabərsizliklərinin pozulmasını göstərdiklərinə və kvant informatikasını daha da inkişaf etdirdiklərinə görə təqdim olunduğunu söyləyib. Elçin Cəfərov bu il Fizika üzrə Nobel mükafatının bu sahədə tanınmış, uzun illər ərzində müxtəlif eksperimentlər aparan və yüksək nailiyyətlər əldə edən 3 alimə - Alain Aspect, John F.Clauser və Anton Zeilingerə verildiyini qeyd edib.
Daha sonra Elçin Cəfərov dolaşıq fotonlar, Bell bərabərsizlikləri sahəsində aparılan tədqiqatlar barədə geniş məlumat verərək, bu istiqamətdə əldə olunan nailiyyətlərin kvant informatikasının inkişafına təsirindən bəhs edib.
Akademik Rasim Əliquliyev uzun müddətdir ki, AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Elçin Cəfərovun rəhbərliyi ilə kvant informatikasının nəzəri əsasları ilə bağlı müasir tələblərə cavab verən əhəmiyyətli tədqiqatlar aparıldığını qeyd edib, alimin müxtəlif beynəlxalq konfranslarda ölkəmizi layiqincə təmsil etdiyini vurğulayıb.
Dünyada ölkələrin strateji potensialının qiymətləndirilməsi zamanı kvant texnologiyalarının inkişaf vəziyyətinin də nəzərə alındığını deyən AMEA-nın vitse-prezidenti bu istiqamətdə beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətinə toxunub. O, ölkəmizdə elm və təhsil sahələrinin inkişaf etdirilməsi istiqamətində ciddi islahatların həyata keçirildiyi bir dövrdə Azərbaycan elminin prioritetləri sırasına kvant texnologiyalarının tədqiqinin də əlavə olunması, kvant nəzəriyyəsi ilə bağlı bakalavriat, magistratura səviyyəsində yüksəkixtisaslı kadr hazırlığının təşkili, doktorantların bu istiqamətdə xaricdə təhsil almaları üçün dəstəyin göstərilməsinin vacib məsələlərdən olduğunu vurğulayıb.
İclasda “Atom-hidrogen energetikasının termo və radiolitik heterogen prosesləri” kitabının nəşrə tövsiyə edilməsi haqqında məsələ müzakirə olunaraq qəbul edilib. Sözügedən kitabın gələcəkdə ingilis dilində də nəşr olunmasının zəruriliyi qeyd olunub.
Tədbirdə AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun aparıcı elmi işçisi, texnika elmləri doktoru, professor Nəriman Rəhmanovun 85, həmin institutun elmi katibi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Zaur Süleymanovun 85, aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru, dosent Kamil Qurbanovun 80, eləcə də AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 60, texnika üzrə fəlsəfə doktoru, dosent Fəhrad Paşayevin 70 və texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Qədimovun 80 illik yubileylərinin keçirilməsi haqqında qərar qəbul olunub.
Həmçinin iclasda AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun əyani doktorantı Kənan Həsənovun Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna göndərilməsi, AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Zərifə Osmanlının Fransanın Monpelye Universitetində tədqiqat müddətinin yenidən uzadılması, AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Nüsrəddin Ömərovun doktoranturadan xaric edilməsi qərara alınıb.
Sonra akademik Rasim Əliquliyev bu günlərdə ABŞ-ın Stenford Universitetinin “Scopus” bazasının elmmetrik göstəriciləri əsasında dünyanın nüfuzlu alimlərinin reytinq siyahısını dərc etdiyini qeyd edərək Azərbaycanda fəaliyyət göstərən 14 alimin də adının siyahıya daxil edildiyini vurğulayıb. O, sözügedən 14 alimdən 4-nün AMEA-nın əməkdaşı olduğunu bildirib. Vitse-prezident reytinq qiymətləndirmə siyahısına daxil edilmiş AMEA əməkdaşlarının İnformasiya Texnologiyaları İnstitutu, Radiasiya Problemləri İnstitutu və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunu təmsil etdiklərini diqqətə çatdırıb, onları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Akademik Rasim Əliquliyev ölkə alimlərinin adlarının belə bir nüfuzlu siyahıda yer almasını bütövlükdə Azərbaycan elminin uğuru kimi qiymətləndirib.
Sonda bir sıra digər məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.