2019-cu ildən başlayaraq hər il ABŞ-ın Stenford Universiteti “Scopus” bazasının elmmetrik göstəriciləri əsasında elmin 22 sahəsi, 176 alt sahə üzrə dünyanın nüfuzlu alimlərinin reytinq siyahısını dərc edir. Alimlər məqalələrin sayı, istinadların ümumi sayı, Hirş indeksi, hm-indeksi və s. kimi göstəricilər nəzərə alınmaqla çoxmeyarlı qiymətləndirilir. Belə ki, bu elmmetrik göstəricilər əsasında yeni inteqrativ göstərici hesablanır və alimlər bu göstəriciyə nəzərən ranqlaşdırılır. Sonra onların arasından siyahının ilk 2 faizinə daxil olan alimlər seçilir. Son zamanlar bu qiymətləndirmə sistemindən beynəlxalq səviyyədə ölkələrin elm və təhsil müəssisələrinin, həmçinin alimlərin qiymətləndirilməsində geniş istifadə olunur.
Sevindirici haldır ki, 2020-ci ildən başlayaraq hər il Azərbaycan alimlərinin adları da Stenford Universitetinin reytinq siyahısına seçilir.
Builki siyahıya Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxlu sayda soydaşlarımızın adı daxil edilib. Bu reytinq siyahısında ölkəmizi 6 elm sahəsi üzrə 14 alim təmsil edir ki, bu alimlərdən də 4-ü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşıdır.
Qeyd etmək lazımdır ki, artıq 3 ildir ardıcıl olaraq Azərbaycan Respublikasından bu nüfuzlu reytinq siyahısına İnformasiya Texnologiyaları İnstitutunun alimləri – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev və bu institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin adları daxil edilir. Builki siyahıda hər iki alim “İnformasiya və kommunikasiya texnologiyaları” sahəsi üzrə çalışan və məqalələri “Scopus” bazasında indeksləşən 546033 dünya alimləri arasından seçilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.