AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin cari il üzrə hesabatı dinlənildi. Şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev elmi tədqiqat fəaliyyəti çərçivəsində informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində 5 problem 8 mövzu üzrə aparılan tədqiqat işləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, referatların avtomatik qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi, antiplagiat sistemlərin elmi-nəzəri və texnoloji əsaslarının araşdırılması, informasiya mədəniyyəti göstəriciləri əsasında kadr potensialının qiymətləndirilməsi üçün qeyri-səlis hibrid modelin işlənilməsi, viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi metodları və alqoritmlərinin işlənməsi istiqamətlərində araşdırmalar aparılmış və alınmış elmi nəticələr tanınmış jurnallarda çap olunmuşdur.
Şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlər haqqında məlumat verən R.Alıquliyev il ərzində 4 dissertasiya işinə, o cümlədən dünyanın nüfuzlu 25 jurnal və 2 konfransından göndərilmiş 55 məqaləyə rəylərin hazırlandığını vurğuladı.
Bildirdi ki, şöbə əməkdaşları tərəfindən AR Dövlət Neft Şirkətinin Elm Fondu, AR Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və AMEA Rəyasət Heyətinin elan etdiyi müsabiqələrə qrant layihələri təqdim olunmuşdur.
Şöbə rəhbəri elmi-təşkilati fəaliyyət çərçivəsində müxtəlif elmi problemlərə həsr olunmuş şöbədaxili 10 seminarın keçirildiyini bildirdi.
R.Alıquliyev, bu il şöbədə beynəlxalq əməkdaşlıq sahəsində uğurlu nəticələrin əldə olunduğunu qeyd etdi. Bildirdi ki, Malaya Universiteti (Malayziyanın) ilə elmi əlaqələr qurulmuş və birgə elmi-tədqiqat işləri aparılmışdır.
Sonda, məruzəçi əməkdaşları institutun, ümumiyyətlə Azərbaycan elminin beynəlxalq aləmdə təbliği üçün elmi sosial şəbəkələrdə fəal olmağa səslədi.
Hesabat ətrafında fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi. Elmi şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.