“İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi müzakirə olundu

20 Oktyabr 2022 - 12:50 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov elmi seminarın institutun baş mütəxəssisi Kəmalə Haşımovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırdı.

K.Haşımova “İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini təqdim edərək tədqiqatın məqsədinin internet mühitində reklam və marketinq texnologiyalarının səmərəliliyinin artırılması, müştəri məmnuniyyətinin əldə edilməsi üçün metod və alqoritmlərin işlənilməsi olduğunu bildirdi.

Mövzunun aktuallığından bəhs edən məruzəçi qeyd etdi ki, internet-reklam ənənəvi reklam vasitələrindən fərqli olaraq daha çox imkanlara (zaman, məkan, modulluq, interaktivlik və s.) malikdir və bu imkanlardan reklam işlərində səmərəliliyin artırılması üçün geniş istifadə oluna bilər. İstehlakçıların maraqlarına uyğun, vaxt itkisi olmadan, səmərəliliyi artıran, hər iki tərəfi qane edən müştəri əlaqələri yaratmaq müasir reklam və marketinqin əsasını təşkil edir. Müasir informasiya texnologiyalarından istifadə etməklə marketinq və reklam sahəsində səmərəliliyin artırılması, müştəri məmnuniyyətinin əldə edilməsi üçün yeni metod və alqoritmlərin işlənməsi həlli vacib məsələlərdəndir.

İddiaçı dissertasiyanın giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu bildirdi. Elmi-tədqiqat işinə dair 11 məqalə, 12 konfrans materialı və 1 ekspress-informasiyanın nəşr olunduğunu söylədi.

“Dissertasiya işi çərçivəsində internet-reklamın inkişaf perspektivləri, xüsusiyyətləri və imkanları araşdırılmış, müvafiq istiqamətdə mövcud problemlər müəyyənləşdirilmişdir. CRM texnologiyaları əsasında internet-reklamın təşkili üçün konseptual model işlənmişdir. Veb-saytlarda reklam və marketinq məsələlərinin səmərəli həllində müştəri fikirlərinə əsasən, veb-resursların qiymətləndirilməsi üçün metod və alqoritmlər, internet-reklam kampaniyasının effektivliyinin dinamik dəyişməsi modeli, eləcə də internet reklam və marketinqdə istifadəçi məlumatları əsasında tövsiyə sistemləri üçün metod və alqoritm işlənilmiş, əldə olunan elmi nəticələrin yoxlanılması məqsədilə eksperimentlər aparılmışdır”, – deyə K.Haşımova bildirdi.

İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova çıxış edərək, dissertasiya işində əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildirdilər, irad və təkliflərini səsləndirdilər.

Sonra iddiaçı texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, doktorant Oqtay Ələkbərovun ona ünvanladığı sualları cavablandırdı.

Daha sonra dissertasiya işinə dair təyin olunmuş elmi rəhbər – AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış etdi. Akademik müasir dövrdə süni intellekt texnologiyalarının geniş tətbiqi nəticəsində istehsalçı və istehlakçı arasında olan informasiya boşluğunun aradan qalxdığını bildirdi. O, internet vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatlarının, onlayn ticarətlə bağlı məlumatların emal edilməsi nəticəsində əldə olunan vacib biliklərin iqtisadiyyatın səmərəliliyinin artırılmasına, ayrı-ayrı şirkətlərin mənfəət əldə etməsinə şərait yaratdığını diqqətə çatdırdı. Reklam-marketinq fəaliyyətinin iqtisadi səmərəliliyin əldə edilməsi üçün əhəmiyyətli vasitələrdən olduğunu qeyd edən elmi rəhbər bu işlərin müasir çağırışlara uyğun olaraq yüksək səviyyədə təşkilinin şirkətlər üçün təqdim etdiyi imkanlardan bəhs etdi.

Akademik dissertasiya işində qeyd olunan reallıqlar nəzərə alınmaqla ümummilli iqtisadi təhlükəsizlik kontekstində və süni intellekt texnologiyalarından istifadə etməklə əlçatan mənbələrdən məlumatların toplanması ilə şirkətlərə reklam-marketinq xidmətlərinin göstərilməsi, marketinq siyasətinin qurulması və vahid rəqəmsal onlayn bazarın formalaşdırılması üçün tövsiyələrin verildiyini qeyd etdi.

Rasim Əliquliyev tədqiqat işində internet mühitində reklam-marketinq işlərinin yüksək səviyyədə təşkili üçün ən son metod, model və texnologiyalardan istifadə olunduğunu diqqətə çatdırdı. Akademik həmçinin onlayn ticarətin səmərəliliyinin artırılması, biznes işinin yüksək səviyyədə təşkili ilə bağlı məsələlərin dissertasiya işində ətraflı şərh olunması, işdə istifadə olunan nəzəriyyələrin daha geniş şəkildə təqdim olunması ilə bağlı tövsiyələrini səsləndirdi.

Elmi rəhbər tədqiqat zamanı qarşıya aktual məsələlərin qoyulduğunu, dissertasiya işinin həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu vurğuladı, işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə tam cavab verdiyini bildirdi.

Daha sonra dissertasiya işi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Müzakirələrdə iştirak edən texnika üzrə fəlsəfə doktoru, dosent R.Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor M.Məmmədova, texnika elmləri doktoru, dosent Z.Cəbrayılova, iqtisad elmləri doktoru, dosent Ə.Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent M.Hacırəhimova və texnika üzrə fəlsəfə doktoru, dosent Ş.Mahmudova iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu bildirdilər və müdafiəyə tövsiyə etdilər.

Sonda açıq səsvermə keçirildi. Dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasına yekdilliklə qərar verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.