Beynəlxalq əlaqələrin genişlənməsi, iqtisadiyyatın sürətli inkişafı, İnternetin bütün sərhədləri aşması eşitmə və nitq məhdudiyyətli insanların sosiallaşma problemini üzə çıxarır və jestlərin avtomatik tanınması probleminin aktual məsələ olduğunu göstərir.
İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və institutun baş mütəxəssisi Kəmalə Qurbanovanın həmmüəllifi olduqları “İşarə dili əl jestlərinin tanınması üçün maşın təlimi üsulunun işlənməsi” (“Sign Language Hand Gesture Recognition Method based on Machine Learning”) adlı məruzə 12-14 oktyabr 2022-ci il tarixlərində ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun, Azərbaycan Diplomatik Akademiyasının və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (The 16th IEEE International Conference Application of Information and Communication Technologies, 12-14 Oct 2022) mövzusunda keçirilən 16-cı beynəlxalq konfransda təqdim olunub.
Məruzədə qeyd olunub ki, jestlər eşitmə və nitq məhdudiyyətli insanların yeganə ünsiyyət vasitəsidir. Jest dilinin və daktil əlifbanın elementlərinin avtomatik tanınması eşitmə və nitq məhdudiyyətli uşaqların tam orta təhsil almasını, ali təhsil pilləsinə daxil olmasını, hər hansı peşəyə yiyələnməsini, cəmiyyətə inteqrasiyasını asanlaşdıra və onların həyat tərzinin yaxşılaşması üçün yeni imkanlar yarada bilər.
Tədqiqat işində jest məlumatlarının toplanmasında istifadə olunan müxtəlif sensor texnologiyaları da araşdırılıb, statik və dinamik jestlər haqqında məlumat verilib. Təsvirə əsaslanan və təsvirə əsaslanmayan texnologiyalar təhlil edilərək üstünlükləri və mənfi cəhətləri göstərilib. Jestlərin yüksək dəqiqliklə tanınması üçün neyron şəbəkələrinə əsaslanan maşın təlimi üsulu işlənib. İşlənmiş metodun elmi tədqiqatlar üçün açıq olan verilənlər bazası üzərində test edilməsi zamanı mövcud metodlarla müqayisədə yüksək nəticələr əldə edilib.
Qeyd edək ki, “The 16th IEEE International Conference on Application of Information and Communication Technologies (AICT2022)” konfransının məruzələr toplusu “Web of Science”, “Scopus”, ACM, INSPEC, DOAJ, DPLP, EBSCO və s. beynəlxalq bazalarında indeksləşir və referatlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.