Pilotsuz uçuş aparatlarının avtonom naviqasiyasının təmin edilməsi metodları müqayisəli analiz edilib

12 Oktyabr 2022 - 15:49 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminar keçirildi. Tədbirdə institutun doktorantı Orxan Vəlixanlı “Pilotsuz uçuş aparatlarının avtonom naviqasiyasının təmin edilməsi metodlarının müqayisəli analizi” mövzusunda məruzəni təqdim etdi.

O.Vəlixanlı pilotsuz uçuş aparatlarının (PUA) naviqasiyasının təmin olunması üçün istifadə olunan müxtəlif sistemlər haqqında ətraflı məlumat verdi.

Onun sözlərinə görə, Qlobal Naviqasiya Peyk Sistemi qəbuledicilərin naviqasiyanı təmin etməsi üçün lazım olan informasiyanı bir neçə peykdən istifadə edərək ötürən sistemdir. Peyk sistemindən qəbuledici ilə təchiz olunmuş istənilən vasitə istifadə edə bilər. Bu sistemdə toplanmış xətalar problemi mövcud deyil. Qapalı məkanlarda istifadəsi mümkün olmayan sistem kiberhücumlara məruz qala bilir.

Tədqiqatçı xüsusi radioötürücülərdən istifadə ilə PUA-ya qarşı edilən spufinq hücumu, baş vermiş spufinq və əngəlləmə kiberhücumlarından bəhs etdi. Spufinq kiberhücumu ilə mübarizə üçün irəli sürülmüş metodlar (siqnalın gəliş istiqamətinə və siqnal emalına əsaslanan metod, şifrələmə, maşın və dərin təlim metodları, hibrid metodlar) haqqında məlumatı seminar iştirakçılarının diqqətinə çatdırdı.

“Qeyd etmək lazımdır ki, mövcud naviqasiya sistemlərindən heç biri ideal deyil. Naviqasiya sistemləri kiberhücumlara məruz qala, bəzi məkanlarda işləməyə və ya sıradan çıxa bilər. Bütün bunları nəzərə alaraq, bir neçə naviqasiya sisteminin birgə istifadəsinin daha məqsədəuyğun olduğunu söyləmək olar. Bunun üçün əksər hallarda optimal qiymətləndirmə alqoritminə əsaslanan Kalman filtrlərindən istifadə edilir”, – deyə O.Vəlixanlı bildirdi.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev çıxış edərək gənc tədqiqatçıya mövzunun daha dərindən araşdırılmasına dair təklif və tövsiyələr verdi, müvafiq istiqamətdə tədqiqatların intensivləşdirilməsinin zəruriliyini vurğuladı.

Daha sonra institutun kiçik elmi işçisi Xəyalə Əhmədova “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması alqoritmlərinin tədqiqi və analizi” mövzusunda məruzə ilə çıxış etdi.

O, istifadəçi sayına görə ranqlaşdırılmış qlobal sosial şəbəkələr barədə məlumat verdi, sosial medianın demoqrafiyası və istifadəsi statistikasını təqdim etdi.

X.Əhmədova saxta profillərin aşkarlanması yanaşmalarının əsas kateqoriyalarından bəhs edərək əlamət və ya məzmun əsaslı, şəbəkə strukturu və ya qraf əsaslı, eləcə də hibrid əsaslı kateqoriyaların tətbiq olunduğunu diqqətə çatdırdı.

Məruzəçi tədqiqat işində əlamətlərin çıxarılması üçün dörd alətdən istifadə olunduğunu qeyd etdi. O, həmçinin “Twitter” sosial şəbəkəsində saxta profillərin aşkarlanması üçün tətbiq olunan alqoritm haqqında məlumat verdi.

Akademik R.Əliquliyev məruzəyə dair çıxış edərək saxta profillərin aşkarlanması zamanı tətbiq olunan koqnitiv, psixoloji və digər texnologiyaların daha dərindən araşdırılmasını, bütün metodların ətraflı analiz olunmasını və tədqiqat istiqamətinin konkretləşdirilməsini tövsiyə etdi.

Sonda hər iki mövzu ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.