Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının növbəti iclası keçirildi. Onlayn tədbirdə Problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak etdilər.
AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik Rasim Əliquliyev çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Qeyd etdi ki, tədbir respublikanın müxtəlif ali məktəbləri, elmi tədqiqat müəssisələri, eyni zamanda AMEA-nın institut və təşkilatlarından daxil olmuş elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr olunub.
Sonra R.Əliquliyev 8 elmlər və 34 fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzularını təqdim etdi. Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, iddiaçılar Problem şurası üzvlərinin suallarını cavablandırdılar.
Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.